• 20 Aprel 2024
logo
Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail Avropaya təbii qaz nəqli layihələri həyata keçirəcək

Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail Avropaya təbii qaz nəqli layihələri həyata keçirəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail yaxın gələcəkdə Avropaya təbii qaz nəqli üzrə birgə layihələr həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu layihələr iki ölkənin Enerji nazirlərinin virtual görüşündə müzakirə edilib.

Birləşmiş Ərəb Əmirliklərinin Enerji və Sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui bildirib ki, ərəb ölkələrinin enerji məsələləri üzrə İsraillə əməkdaşlığı Yaxın Şərq regionunun tərəqqisi baxımından mühüm əhəmiyyət kəsb edir. O əlavə edib ki, BƏƏ-nin 2030-cu ilədək inkişaf planında enerji resurslarının Avropaya nəqli xüsusi yer tutur. Bu məqsədlə İsraillə birgə qaz boru kəmərinin tikintisi nəzərdə tutulur.

İsrailin Enerji naziri Yuval Steinitz qeyd edib ki, sentyabrın 15-də Vaşinqtonda imzalanmış saziş onun ölkəsinin BƏƏ ilə energetika sahəsində əməkdaşlığı üçün geniş imkanlar yaradır. O əlavə edib ki, iki ölkə arasında təbii qazın Avropaya nəqli ilə yanaşı, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də layihələr həyata keçiriləcək.

Nazir əlavə edib ki, Aralıq dənizi vasitəsilə çəkiləcək qaz kəmərinin tikintisində başqa ərəb ölkələri də iştirak edə bilər. Y.Steinitz xatırladıb ki, İsrail, İordaniya, Misir, Yunanıstan, Kipr və İtaliyanın üzv olduqları Şərqi Aralıq dənizi Qaz Forumu bu layihələrdə fəal iştirak edəcək. O, BƏƏ-ni də müşahidəçi statusunda foruma qoşulmağa dəvət edib.