• 20 Aprel 2024
logo
“Delfin” tropik qasırğası Yaponiyanın şərq sahillərinə leysan yağışlar və güclü külək gətirib

“Delfin” tropik qasırğası Yaponiyanın şərq sahillərinə leysan yağışlar və güclü külək gətirib

Sentyabrın 24-də “Delfin” tropik qasırğası Yaponiyanın şərq sahillərinə, Tokionun ətrafında yerləşən Kanto regionuna leysan yağışlar və güclü külək gətirib.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, həmin ərazilərdə qasırğanın fəsadlarının şənbə gününədək davam edəcəyi proqnozlaşdırılır.

Agentlik yerli sakinləri torpaq sürüşmələrinə, daşqınlara, həmçinin güclü küləyə və hündür dalğalara qarşı ehtiyatlı olmağa çağırır.

Cümə günü yerli vaxta səhər saat 11-ə olan son məlumatlara görə qasırğanın Tokionun yaxınlığında yerləşən Çiba prefekturasından 280 kilometr cənub, cənub-qərb istiqamətində olduğu bildirilir.

Qasırğanın mərkəzində küləyin maksimum sürəti saatda 80 kilometrə çatır. Tohoku prefekturasının Sakit okean sahillərində leysan yağışlar gözlənilir. Cümə günü səhər saatlarınadək Tohoku prefekturasında 100 millimetr, Kanto regionunda isə 80 millimetr yağıntı düşəcəyi proqnozlaşdırılır.

Qasırğa nəticəsində Kanto regionunun sahillərində dalğaların hündürlüyünün 7 metrədək çatacağı gözlənilir.