• 25 Oktyabr 2020
logo
Azərbaycan dilli məktəblər üçün dərsliklər Gürcüstanın Təhsil Nazirliyinə təqdim olunub

Azərbaycan dilli məktəblər üçün dərsliklər Gürcüstanın Təhsil Nazirliyinə təqdim olunub

Sentyabrın 22-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə Azərbaycan Təhsil Nazirliyi tərəfindən 2021-2022-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblər üçün dərsliklər və dərs vəsaitləri Gürcüstanın Elm və Təhsil Nazirliyinə təqdim edilib.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, göndərilən dərs vəsaitlərini Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi Kaxa Kandolişvili təhvil alıb.

Qeyd olunub ki, Gürcüstan tərəfinə 23 adda 21 min 613 ədəd Ana dili və ədəbiyyatı dərsliyi, həmçinin müəllimlər üçün metodik vəsait təqdim olunub. Bu dərslik və metodik vəsait azərbaycandilli məktəblərə paylanacaq.

Səfirliyin məlumatında qeyd olunub ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Bu günədək Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı soydaşlarımıza 600 minə yaxın dərslik və digər metodik vəsaitin göndərildiyi qeyd olunur.