• 1 Oktyabr 2020
logo
Nazir: "Gürcüstanda yeraltı qaz anbarının inşası üzrə keçirilən tender yaxın vaxtlarda başa çatacaq"

Nazir: "Gürcüstanda yeraltı qaz anbarının inşası üzrə keçirilən tender yaxın vaxtlarda başa çatacaq"

Gürcüstanda yeraltı qaz anbarı layihəsinin inşası üçün elan edilən tender yaxın vaxtlarda başa çatacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2024-cü ildə başa çatdırılması planlaşdırılan layihəyə müxtəlif beynəlxalq maliyyə qurumları tərəfindən birmənalı dəstək göstərilir: "Beynəlxalq maliyyə qurumları tərəfindən dəstəklənən qaz anbarının tikintisi həm də enerji müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox vacib bir layihədir. Beynəlxalq tender yaxın gələcəkdə başa çatacaq və bu tenderi çox məşhur bir qrup qazanacaq. Layihənin birinci mərhələsinə vaxtında başlamaq üçün kifayət qədər resursumuz var. İşlər 1,5 il çəkəcək. Layihəni elan edildiyi kimi, 2024-cü ildə tamamlamaq üçün maliyyə təşkilatlarından kifayət qədər dəstək alacağıq. Bu layihə o qədər vacib və strateji əhəmiyyətə malikdir ki, maliyyə qurumlarının birmənalı dəstəyinə sahibik".
Qeyd edək ki, yeraltı qaz anbarının inşası layihəsi 2014-cü ilin oktyabr ayında Gürcüstanın Tərəfdaşlıq Fondu tərəfindən təqdim edilib. Ümumi investisiya həcmi 220-250 mln. avro olaraq qiymətləndirilən layihənin həyata keçirilməsi bir neçə dəfə təxirə salınıb.

Son məlumatlara görə, yeraltı qaz anbarının tikintisi Tbilisi yaxınlığında aparılacaq və anbarda 300 mln. kubmetrə qədər qaz saxlamaq mümkün olacaq.