• 19 Mart 2024
logo
Parisdə 100-dən artıq küçədə maska taxmaq məcburi olub

Parisdə 100-dən artıq küçədə maska taxmaq məcburi olub

Yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində Fransanın paytaxtı Paris şəhərində insanların sıx olduğu küçələrdə tibbi maska taxmaq məcburi olub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bununla bağlı şəhər administrasiyasının verdiyi qərar bu gündən etibarən qüvvəyə minib.

“Prefektura polisinin meriya ilə birlikdə imzaladığı əmrə əsasən, açıq havada izdihamlı yerlərdə tibbi maska taxmaq 10 avqust saat 08:00-dan etibarən məcburidir”, deyə şəhər rəhbərliyinin yaydığı məlumatda bildirilib.

Qərar Sena çayı sahilindəki bulvarlar və açıq hava bazarları kimi izdihamlı ərazilərdə 11 yaşdan yuxarı insanlara şamil edilib. Həmçinin qərar Parisin 100-dən artıq küçəsini əhatə edir.

Lakin bu qərar Eyfel qülləsi, Zəfər yağı, Yelisey sarayı kimi turistik nöqtələrə şamil edilməyib.

Qeyd edək ki, qapalı məkanlarda maska taxmaq Fransada xeyli müddətdir qüvvədədir və maska taxmayan şəxslər 135 avro məbləğində cərimələnir.

Xatırladaq ki, son günlər Fransada koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Mütəxəssislər Fransanın hər an COVID-19-a nəzarəti itirə biləcəyi barədə xəbərdarlıq edib.