Avropa İttifaqı (Aİ) sammiti Yunanıstana İqtisadiyyatın Bərpası Fondundan 32 mlrd. avro məbləğində vəsaitin ayrılmasını təsdiqləyib. Bundan əlavə, Yunanıstan Aİ-nin büdcəsindən təqribən 40 mlrd. avro alacaq.
"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Aİ sammitindən sonra keçirilən brifinqdə deyib.
Brifinq Yunanıstanın dövlət televiziya kanalı tərəfindən canlı yayımlanıb. Sammit çoxsaylı fikir ayrılıqlarına görə 2 gün əvəzinə 5 gün davam edib.
"Sonda həm Avropa, həm də Yunanıstan üçün çox əhəmiyyətli bir nəticəyə nail ola bildik. Biz 70 mlrd. avrodan çox olan bir paketlə Afinaya qayıdırıq. Bu, ölkəmiz üçün görünməmiş bir ölçüdür", - deyə K. Mitsotakis bildirib.
Yunanıstanın Baş naziri vəsaitin əlverişli şərtlərlə verildiyini bildirib və əmin edib ki, vəsaitlər boşa xərclənməyəcək.
"Tezliklə ölkənin sənaye sektorunun yenidən qurulması planını təqdim edəcəyik. Bizim sərəncamımızda olacaq vacib Avropa kapitalını israf etməyəcəyik, onu bütün yunanların, əmək dünyasının, yaşıl iqtisadiyyata keçidin istifadə edəcəyik", - deyə Baş nazir qeyd edib.