• 28 Sentyabr 2020
logo
İqor Korotçenko: Prezident İlham Əliyev faşizmin və ya Hitler kollaborantlarının əbədiləşdirilməsi faktlarının qətiyyətlə qəbuledilməzliyi mövqeyindən çıxış edir

İqor Korotçenko: Prezident İlham Əliyev faşizmin və ya Hitler kollaborantlarının əbədiləşdirilməsi faktlarının qətiyyətlə qəbuledilməzliyi mövqeyindən çıxış edir

İyunun 25-də "Rossiya 24" telekanalının efirində ən nüfuzlu və populyar analitik verilişlərdən olan, Olqa Skabeyeva və Yevgeni Popovun apardığı "İsti izlərlə 60 dəqiqə" verilişinin növbəti buraxılışı yayımlanıb. Bu verilişdə qonaqlar günün başlıca mövzusunu müzakirə edir. Budəfəki buraxılış Moskvada keçirilən Qələbə paradına həsr olunmuşdu.

Trend-in Day.az-a istinadən məlumatına görə, verilişin qonaqları arasında rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko yer alıb. O, bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması, sistemsiz müxalifətin Qələbə paradını və onun keçirilməsini dəstəkləyənləri lağa qoyması mövzusuna toxunub.

Faşizm üzərində Qələbənin və milyonlarla qurbanın xatirəsinin təhqir olunmasının qəbuledilməzliyindən danışan İ.Korotçenko qeyd edib ki, bir çox ölkələr bu məsələdə Rusiya ilə tamamilə həmrəydir:

"Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, o özü də, Rusiya lideri Vladimir Putin də faşizmin və ya Hitler kollaborantlarının əbədiləşdirilməsi faktlarının qətiyyətlə qəbuledilməzliyi mövqeyindən çıxış edir".