• 29 Mart 2024
logo
Boris Conson: "Britaniya Honkonq xalqını tək qoymayacaq”

Boris Conson: "Britaniya Honkonq xalqını tək qoymayacaq”

“Əgər Çin 1984-cü il razılaşmasında üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə zidd olaraq milli təhlükəsizlik qanununu tətbiq edərsə, Britaniya Honkonq xalqını tək qoymayacaq”.

APA-nın xəbərinə görə, bu fikir Böyük Britaniyanın Baş Naziri Boris Conson "The Times" nəşrində dərc olunan məqaləsində yer alıb.

O bildirib ki, bu gün Honkonq Şərqi Asiyanın ən böyük ticarət şəhərinə, ticarət gücünə çevrilib və bu, təsadüfən baş verməyib: “Honkonq buna müvəffəq olub, çünki xalq azaddır. Xalq istedadının imkan verdiyi qədər öz xəyallarını reallaşdırıb. İnsanlar müzakirə edə və fikirlərini istədikləri kimi ifadə edə bilirlər. Və müstəqil məhkəmələr tərəfindən idarə olunan qanunun aliliyinin təmin olunduğu bir mühitdə yaşayırlar”.

Britaniya liderinin sözlərinə görə, əgər Çin belə davam edərsə, bu, BMT-nin qeydə aldığı tərəflərin əməl etməli olduğu qanuni anlaşmanın öhdəliklərinə zidd olacaq: “Honkonq sakinləri Çinin qorumağı vəd etdiyi həyat tərzinin təhlükəyə düşəcəyindən qorxur. Əgər Çin bu insanların qorxularının əsaslı olduğunu göstərən hərəkətlərinə davam edərsə, biz öhdəliklərimizi yerinə yetirəcəyik və alternativləri təmin edəcəyik”.

Boris Conson Honkonqdakı Britaniya milli xarici pasport sahiblərinə Britaniya vətəndaşlığı veriləcəyini və onların ölkədə yaşamasına icazə veriləcəyini vurğulayıb.

Xatırladaq ki, Çin parlamenti ötən həftə Honkonqda separatizm, Çindən ayrılma, terrorizm və xarici müdaxilələrin qarşısını almaq üçün qanunlar hazırlamaq qərarı qəbul edib. Şəhərə ilk dəfə təhlükəsizlik və kəşfiyyat agentləri yerləşdirilə bilər.