• 24 Noyabr 2020
logo
Paşinyanın babası ilə bağlı qalmaqalın yeni detalları

Paşinyanın babası ilə bağlı qalmaqalın yeni detalları

Rusiya Müdafiə Nazirliyinin İkinci Dünya Müharibəsinin iştirakçıları ilə bağlı yaratdığı məlumat bazasında Ermənistanın baş naziri Nikol Paşinyanın babası haqda da yazılıb. Sovet arxiv sənədlərində Nikolay Paşinyanın 1943-cü ildə həlak olduğu əksini tapıb.
Ermənistan baş nazirinin babası ilə bağlı qalmaqal yaranıb. Onun erməni legionunun tərkibində nasistlər üçün vuruşduğu məlum olub. İndi Ermənistan müxalifəti baş naziri ittiham etməyə başlayıb. Çünki iki gün əvvəl Nikol Paşinyan babasını Qırmızı Ordunun döyüşçüsü kimi təqdim etmişdi. Müxalifət düşünür ki, kiçik Paşinyan nasistlərə işləyən döyüşçülərin qəhrəmanlaşdırılmasında maraqlıdır. Necə də olsa, Ermənistanda Qaregin Njdeyə heykəl qoyulub.
Hələ Birinci Dünya Müharibəsində iştirak etmiş Njdenin 1918-ci ildə Vedibasarda azərbaycanlılara qarşı cinayətlərdə də əli olub. 1940-cı ildə Vermaxtda erməni legionunun yaradılmasında birbaşa iştirak edib. İndi Ermənistanda onu xalq qəhrəmanı sayan çoxdur. 2016-cı ildə Yerevanın mərkəzində Njdenin bürünc heykəli ucaldılıb.
Ermənistan baş nazirinin babası Nikolay Paşinyan elə sonradan nəvəsinin dünyaya gələcəyi İcevanda doğulub. Müharibəyə gedəndən sonra Vermaxta xidmət edən erməni legionuna qoşulmaq qərarına gəlib. Könüllü şəkildə düşmən tərəfə üz tutanlara əvvəlcə Polşada – ölkənin cənub-şərqində yerləşən Pulavı şəhərinin kənarındakı poliqonda xüsusi hazırlıq keçirdilər. Paşinyan da həmin əsgərlərin arasında olub. 1943-cü ilin yazından 814-cü piyada batalyonunun sıralarında sovet döyüşçülərinə qarşı vuruşmağa başlayıb. Baş nazirin babası Ukrayna döyüşlərində də iştirak edib. Onun Polşa sərhədinə yaxın olan Novoqrad-Volınski şəhərində həlak olması təsadüfi deyil. Paşinyan 1943-cü ilin sentyabrın 29-da qarın boşluğundan aldığı güllə yarasından keçinib.
Nəzərdən keçirdiymiz arxiv sənədlərində onun haqda bu qədər məlumat toplaya bildik. Daha artığı onsuz da çətindir. Vermaxta xidmət edən 11 batalyonda 18 minə qədər erməninin yer aldığı bildirilir. Onların əksərinin cəsədi elə döyüş meydanındaca qalıb. Alman arxivlərində Paşinyanın qəbrinin Ukraynada olduğu qeyd edilib.
Ümumiyyətlə, Almaniya arxiv sənədlərində erməni legionlarının etibarsızlığı xüsusi qabardılıb. 808-ci batalyon məhz bu üzdən dağıdılmışdı. Çünki batalyona cəlb olunan 916 erməninin bir çoxunun sonradan sovet ordusuna işlədiyi üzə çıxmışdı.