• 1 Noyabr 2020
logo
Britaniyada uşaqların ölümünə səbəb olan iltihabın COVID-19-la əlaqəli olduğu güman edilir

Britaniyada uşaqların ölümünə səbəb olan iltihabın COVID-19-la əlaqəli olduğu güman edilir

Böyük Britaniyada uşaqların ölümünə səbəb olan iltihab sindromunun COVID-19 virusu ilə əlaqəli olduğu ehtimal edilir.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok bildirib.

O deyib ki, bir neçə uşaq nadir görülən iltihab sindromundan vəfat edib.

Nazir vurğulayıb ki, tədqiqatçılar bu xəstəliyin COVID-19-la əlaqəli olduğunu düşünür: “Britaniyada artıq bir neçə uşaq ölüb. Hərçənd onların başqa sağlıq problemlərinin olmadığı aşkar edilib. Bu, yeni bir xəstəlikdir və düşünürük ki, COVID-19 virusu ilə əlaqəli ola bilər. Biz buna yüz faiz əmin deyilik. Çünki xəstəliyə yoluxanların analizlərinin nəticələri müsbət çıxmayıb. Lakin biz narahatıq. Xəstəliyə yoluxan uşaqların sayının az olmasına baxmayaraq, artıq bu istiqamətdə araşdırmalara başlamışıq”.

Nəşrin məlumatına görə, hazırda İtaliya və Britaniyada tədqiqatçılar uşaqlar, xüsusilə də körpələr arasında yayılmağa başlayan iltihab xəstəliyi ilə koronavirus arasında mümkün əlaqəni araşdırırlar.

Qeyd olunub ki, bu xəstəliyə yoluxan körpələr yüksək hərarət və şişmiş arteriyalarla xəstəxanalara gətirilir.

İtaliyanın şimal regionunun həkimləri bildiriblər ki, pandemiya dövründə 9 yaşdan aşağı çox sayda uşaq bu simptomlarla xəstəxanalara gətirilib.