• 1 Oktyabr 2020
logo
Səfir ABŞ-dakı Azərbaycan icmasına həmrəylik və dəstək göstərdikləri üçün minnətdarlığını bildirib

Səfir ABŞ-dakı Azərbaycan icmasına həmrəylik və dəstək göstərdikləri üçün minnətdarlığını bildirib

Vaşinqtonda yerləşən və 1996-cı ildən etibarən fəaliyyət göstərən Amerika Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə ABŞ-da yaşayan Azərbaycan icmasının fəallarının geniş tərkibdə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov və Səfirliyin aidiyyəti əməkdaşları ilə onlayn formatda görüşü baş tutub.

Səfirlikdən verilən məlumata görə, görüşdə dünyada koronavirus pandemiyasının yayılması üzrə birinci yerdə olan ABŞ-da virusla bağlı hazırki durum, burada yaşayan həmvətənlərimizin vəziyyəti ətrafında fikir mübadiləsi aparılmış, icma üzvlərindən təkliflərini və fikirlərini təqdim etmək xahiş olunub. Eyni zamanda Azərbaycan vətəndaşlarının daha operativ və səmərəli konsulluq fəaliyyətindən yararlanması, eləcə də vəziyyətlə bağlı məlumatın daha səmərəli çatıdırılmasının təmin edilməsi məqsədilə Səfirliyin konsulluq şöbəsində qeydiyyatdan keçməyin vacibliyi vurğulanıb və icma üzvlərindən bunun ABŞ-da yaşayan digər vətəndaşlarımıza da bir daha çatdırılması tövsiyə edilib.

Virusla bağlı yaranmış vəziyyətlə əlaqədar ABŞ-da çətinliklərlə üzləşən Azərbaycan vətəndaşlarına icma üzvləri və təşkilatları tərəfindən göstərilən dəstəyə görə səfir bir daha dərin və səmimi minnətdarlıq ifadə edib və bununla Azərbaycan xalqının mərhəmət və həmrəylik nümayiş etdirmək ənənəsinə sadiq olduqlarını bildirib. Eləcə də icma üzvləri tərəfindən Azərbaycanda koronavirusla bağlı yaranmış vəziyyət xüsusunda ehtiyacı olan şəxslərə və ailələrə dəstək göstərmək təşəbbüsləri yüksək qiymətləndirilib. Əlavə olaraq qeyd edilmişdir ki, hal-hazırda ABŞ-da olan Azərbaycan vətəndaşları, xüsusən burada təhsil alan tələbələr və qısa müddətə ABŞ-a səfərə gəlmiş, lakin sərhədlərin bağlanması səbəbindən Vətənə qayıda bilməyən vətəndaşlar ilə təmas yaratmaq və dəstək verməyə xüsusi diqqət ayrılıb.

Görüşdə icma fəalları öz aralarında müxtəlif şəhərlərdə və ştatlarda birgə təşəbbüslər keçirməklə əlaqədar fikirlərini bölüşərək, təkliflərini irəli sürüblər. Eyni zamanda icma üzvləri tərəfindən xeyriyyəçilik layihələri də müzakirə olunmuşdur. Görüşdə iştirak edən azərbaycanlı həkimlər səhiyyə sahəsində öz tövsiyələrini səsləndiriblər. Görüş zamanı Filadelfiyada yaşayan istedadlı gənc azərbaycanlı skripka ifaçısı Azər Dəmirov iştirakçılar üçün musiqi parçası ifa edib. Amerika Azərbaycan Ticarət Palatasında son zamanlar onlayn formatda keçirilən layihələr, o cümlədən icma üzvlərimizi bir yerə gətirən webinarlar təqdir edilib.

Onlayn görüşdə, həmçinin Azərbaycanda koronavirusla bağlı vəziyyətə dair məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlət səviyyəsində göstərilən səylər, Nazirlər Kabineti yanında yaradılmış Opetariv Qərargahın fəaliyyəti, eləcə də Azərbaycan dövlət qurumlarının atdığı qabaqcıl addımlar və vəziyyətə tam şəffaf yanaşılması xüsusi vurğulanıb, bütün bunların məhz Azərbaycan vətəndaşlarının səhhətinin və təhlükəsizliyinin qorunmasına yönəldiyi bildirilib. Bu dönəmdə hər bir Azərbaycan vətəndaşının məsuliyyətli və təmkinli davranmasının vacib olması diqqətə çatıdırlmış və Azərbaycanın sərhədlərinin açılması və Azərbaycana avianəqliyyatın bərpa olunmasına da məhz bu kontekstdə yanaşılması tövsiyyə edilib.

İcma üzvlərinə Səfirliyin sosial şəbəkələri və burada daimi əsasda yerləşdirilən məlumatlar, o cümlədən Səfirliyin həftənin 7 günü və günün 24 saatı fəaliyyət göstərən qaynar xaəttlər barədə məlumat verilib. Eləcə də Amerika Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən və həftəlik əsasda keçirilən konsulluq məsləhətləri ilə bağlı webinarlardan faydalanmaq məsləhət görülüb. Belə ki, 3 aprel tarixindən etibarən hər həftənin Cümə günü Vaşinqton saatı ilə 17:00-də keçirilən webinarlarda Səfirliyin konsulları və aidiyyəti əməkdaşları koronavirus pandemiyası ilə bağlı həmvətənlərimizi məlumatlandırır və onları maraqlandıran sualları cavablandırırlar. Qeyd edək ki, bu görüşlər Facebook şəbəkəsində canlı yayımlanır və onları facebook.com/usacc.org səhifəsindən izləmək mümkündür.