• 27 İyul 2024
logo
İran qisas istəyir

İran qisas istəyir

Əli Xamenei İsraili peşman edəcəklərini deyib

Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Dəməşqdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinə zərbə endirməsi nəticəsində 7 SEPAH komandirinin (iki general, zabit) , iranlı diplomatların da həlak olması, İsrail-İran qarşıdurmasını daha da alovlandırdı. Rəsmi Tehran tərəfindən İsrail müharibə ilə hədələndi. Lakin İsrail iddia etdi ki, bomvbalanan bina İranın konsulluğu olmayıb. İsrail ordusunun nümayəndəsi Daniel Haqari deyib ki, kəfiyyat məlumatlarına görə, bu, konsulluq, yaxud səfirlik deyil. “Əl-Qüds” Briqadasına məxsus hərbi obyekt olub. Bu obyekt mülki bina kimi maskalanmışdı. Teleqram kanallarında da məlumat yayılıb ki, İsrail İranın Suriyadakı konsulluğuna hücum etməyib. Bildirilib ki, Təl-Əviv Dəməşqdə hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Qeyd olunur ki, zərbə SEPAH-ın Qüds briqadasının istifadə etdiyi hərbi hədəfə endirilib.
İranın dini rəhbəri Əli Xamenei Dəməşqdəki İran səfirliyinə hücumu və SEPAH komandirlərinin ölümü haqda danışarkən deyib ki, Allahın köməkliyilə, onları bu cinayətlərə görə peşman edəcəyik.“Şər rejim igidlərimizin əli ilə cəzasını alacaq. Allahın izni ilə onları bu və buna bənzər cinayətlərinə görə peşman edəcəyik”, - o bildirib.
İran Prezidenti İbrahim Rəisi də bu qorxaq cinayətin cavabsız qalmayacağını deyib. Bir daha terror cinayəti və beynəlxalq qaydaların kobud şəkildə pozulması nəticəsində qəsbkar sionist rejimin çirkli əlləri ölkəmizin bir neçə general və zabitinin qanına bulaşıb.
“Sionist rejim öz nicatı uğrunda mübarizədə kor-koranə qətlləri öz gündəminə daxil edib, lakin bilməlidir ki, bu cür qeyri-insani üsullarla heç vaxt öz pis məqsədlərinə nail olmayacaqlar. Müqavimət cəbhəsinin gündən-günə gücləndiyinin, azad xalqların nifrətinin şahidi oluruq və bu qorxaq cinayət cavabsız qalmayacaq”, - Rəisi vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani isə İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumunu kəskin şəkildə pisləyib.İRNA-nın məlumatına görə, Kənani “İran təcavüzkarı necə cəzalandırılacağına özü qərar verəcək”, - qeyd edib. Kənani bu hücumu beynəlxalq normaların kobud şəkildə pozulması adlandırıb.
“Bu hərəkət beynəlxalq ictimaiyyət tərəfindən ən qəti şəkildə pislənilməli, təcavüzkara qarşı tədbirlər görülməlidir”, - deyə o əlavə edib.
XİN nümayəndəsi hücumun məsuliyyətinin İsrail üzərinə düşdüyünü vurğulayıb.
Bundan əlavə, İranın xarici işlər naziri Hüseyn Abdollahian suriyalı həmkarı Feysal Mekdad ilə telefon danışığında bildirib ki, İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücumu bütün beynəlxalq öhdəliklərin pozulmasıdır. O, suriyalı həmkarına hücumdan sonra İranın Dəməşqdəki səfirliyini ziyarətinə görə təşəkkür edib.
Suriyalı nazir öz növbəsində İsrailin Suriyadakı İran konsulluğuna hücumlarını qətiyyətlə pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.
İran parlamentinin üzvü Əlirza Pakfitrəti deyib ki, İsrail Suriyada keçirdiyimiz iclaslar barədə əvvəlcədən məlumatlı olur. O bildirib ki, bu səbəbdən kadrların həyatını qorumaq məqsədi ilə iclaslar başqa ölkələrdə keçirilməlidir: “Təəssüflər olsun ki, biz bir sıra təcrübəli hərbi qüvvələrimizi itirdik və bu məsələ İslam İnqilabı Keşikçiləri Korpusunu kadrlarının itirilməsinin qarşısını almaq üçün lazımi tədbirlər almağı tələb edir”, - parlament üzvü vurğulayıb.
Çinli politoloq Tanq Bohu da “Fenxuanq” portalına deyib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitlərinin ölümünə səbəb olan İsrailin Suriya paytaxtında İran konsulluğuna raket hücumu Tehran tərəfindən cavabsız qalmayacaq.
Ekspert İranın qisas məqsədi ilə ata biləcəyi addımlara diqqət çəkib: “Ola bilər ki, bu, Amerikanın bölgədəki hərbi obyektlərinə hücumlar və ya İsrail ərazisinə zərbələr endirmək formasında həyata keçiriləcək. Yəmən husilərinin Qırmızı dənizdə fəallaşması da mümkündür”.
O, Təl-Əvivin İran səfirinin hərəkətləri ilə bağlı da dəqiq məlumatlara sahib olduğunu bildirib: “Hadisə yerindən çəkilmiş kadrlara əsasən belə qənaətə gəlmək olar ki, İsrail tərəfi GPS ilə idarə olunan dəqiq bombalardan istifadə edib və bu da hədəfi dəqiq vurmağa imkan verib. Konsulluq tamamilə dağılsa da, iqamətgahı həmin binada yerləşən İran səfiri xəsarət almayıb. Bu, Təl-Əvivin diplomatik missiya rəhbərinin hərəkətləri barədə dəqiq məlumata malik olduğunu göstərir”.
İsrailli jurnalist Eddi Kohen isə X hesabında yazıb ki, biz çox açıq şəkildə deyirik ki, İran və “Hizbullah”la müharibə etmək istəyirik. Hələ başa düşmürsüz?
Onun tvitinə münasibət bildirən X istifadəçiləri isə illərdir iki ölkənin bir-biri ilə sözdə müharibə etdiyini, lakin nəticədə ölənlərin ərəblər olduğunu bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyanın paytaxtı Dəməşqdə yerləşən İran konsulluğunun binasına hücumla bağlı bəyanat yayıb.
SEPAH hücumun İsrail tərəfindən həyata keçirildiyini qeyd edib. Təşkilat bildirib ki, zərbə nəticəsində iki iranlı general - Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın beş zabiti - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahi həlak olub. Açıqlamada öldürülənlərin hamısının SEPAH-ın Suriyadakı hərbi məsləhətçiləri olduğu qeyd olunur. İranın Dəməşqdəki konsulluğunun binasına hücum aprelin 1-i axşam saatlarında məlum olub. Suriyanın dövlət agentliyi binanın tamamilə dağıldığını bildirib. BMT zərbə ilə bağlı xəbərlərdən "narahat olduğunu" , baş verənlərlə bağlı məlumatın az olduğunu açıqlayıb.
Suriya Müdafiə Nazirliyinin məlumatına görə, İsrail təyyarələri yerli vaxtla təxminən saat 17:00 radələrində Qolan təpələrindən konsulluq binasına zərbələr endirib. Nazirlik əlavə edib ki, Suriyanın hava hücumundan müdafiə sistemləri raketlərin bəzilərini vurub.
"Reuters" agentliyinə danışan İsrail ordusunun sözçüsü İsrail Hərbi Hava Qüvvələrinin zərbədə iştirak edib-etməməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
“The New York Times” qəzeti adı açıqlanmayan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini yazıb. Onların sözlərinə görə, hədəf general Zahedi olub. Briqada generalı Məhəmməd Rza Zahedi SEPAH daxilində mühüm fiqur idi. O, 44 il əvvəl təşkilata qoşulub, 2008-2016-cı illərdə Suriya və Livanda hərbi əməliyyatlarda iştirak edib, Bəşər Əsəd rejiminin tərəfində döyüşüb və bu müddət ərzində ali rütbəyə yüksəlib.
General Zahedi İranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyaları altında idi.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasına bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib.
Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin məlumatına görə, aprelin 2-də İranın Suriyadakı konsulluğuna endirilən hava hücumla bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. O bildirib ki, bu görüşün keçirilməsi İran və Rusiya Federasiyasının təşəbbüsü ilə baş tutacaq.
İranın BMT-dəki daimi nümayəndəliyi təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərib və qurumu İsrailin zərbəsini pisləməyə çağırıb. Diplomatik nümayəndəlik İsrailin hərəkətlərini terror hücumu adlandırıb və zərbənin BMT Nizamnaməsinə zidd olduğunu vurğulayıb.
Məktubda həmçinin bildirilir ki, İran sərt cavab vermək hüququnu özündə saxlayır.
İranın xarici işlər naziri Hüseyn Abdollahian "X" sosial şəbəkəsində İsveçrənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib. Onun vasitəsilə nazirlik ABŞ-a mesaj çatdırıb. Xarici işlər naziri vurğulayıb ki, Vaşinqton İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna görə məsuliyyət daşımalıdır. Ağ Ev bildirib ki, ABŞ İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun diplomatik binasına hücumdan əvvəlcədən xəbərdar olmayıb.

Cavid