• 16 İyul 2024
logo
Obalılara qarşı terrorda İran izi

Obalılara qarşı terrorda İran izi

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ilkin versiyaya görə, bu, İran kəşfiyyatının əməlidir.
Həmin gün Əhməd Obalıya yaxın mənbələrdən verilən məlumata görə, hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.
Obalı deyib ki, bu hadisənin arxasında duranları da, onu həyata keçirənləri də bilir. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar: “Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim. 2 gün əvvəl isə hücuma məruz qaldım”.
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatın olayla bağlı verdiyi bəyanatda deyilir ki, irqçi faşist İran rejimi istər molla sistemi, istərsə də müxalifəti ilə Azərbaycan Milli Hərəkatına qarşı çeşidli terror aktlarına rəvac verməkdədir: “Farsçı rejimin sonu yaxınlaşdıqca, vəhşiliyi də artır. Rejim hər gün keçdikcə yaxınlaşan 50 milyonluq Azərbaycan dövləti və türk millətinin qarşısında acizlik göstərərək, terror aktlarına əl atmağı son çarə kimi görür. Azərbaycan səfirliyinə Tehranda, Azərbaycan millət vəkilinə Bakıda və indi, Xordad/may ayaqlanmasının ildönümündə Günaz TV rəhbərinə Amerikada təşkil edilən terror aktı bu rejimin 100 illik qara varlığının sonunun göstəricisidir.
Rejim bu boş aktlarıyla Azərbaycan Milli Hərəkatının poladlaşmış istiqlal və milli dövlətçilik iradəsinə qorxu sala bilməyəcəkdir.
Fars rejimi 100 illik qara dosyesinə görə, Azərbaycan türk millətinə, İran adlanan qondarma ölkədə yaşayan türk soydaşlarımıza, habelə ərəb, bəluc, kürd, lor-lək və başqa qeyri-fars xalqlara hesab verməli və tarixin zibilliyinə atılmalıdır.
Biz Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı olaraq Əhməd Obalı və Dəniz Obalı bəylərin ölümə döyülməsini ən dərin nifrətlə qınayırıq”.
Bəyanatdan və sosial şəbəkələrdə paylaşılan lardan belə qənaətə gəlmək olar ki, hadisədə İran izi görünür.
Məsələ ilə bağlı "Xalq Cəbhəsi" güneyli fəallara və yerli siyasilər müraciət edib.
Təbriz Araşdırmalar İnstitutunun sədr müavini Babək Şahid (Türkiyə) bildirib ki, hələ rəsmi açıqlama verilməyib, ABŞ-ın rəsmi qurumlarının bu hadisə ilə bağlı açıqlamalarını gözləmək lazımdır: "Amma sosial mediada ictimailəşdirilən fikirlərə, Əhməd Obalıya yaxın mənbələrə istinadən deyə bilərəm ki, hadisənin baş verməsində şübhələır İran üzərindədir. Böyük ehtimalla bu hadisədə İranın barmağı var" .
Siyasi şərhçi Məhəmməd Rəhmanifərin fikrincə, ABŞ polisi elan edib ki, bu hadisə ilə bağlı bir neçə şəxs həbs edilib, amma neçə nəfərin və kimlərin tutuqlandığı da dəqiq deyil: "Amma hər halda həbs edilən var. Təbii ki, bu hadisə ilə bağlı məhkəmə olmalıdır və həbs edilənlərin kimlər olduğu bilinməlidir. Ondan sonra bəlli ola bilər ki, bu hadisə nə üstə törədiliub və tutulanlar hansı qüvvələrin üzvüdürlər. İndi bizim bu hadisə ilə bağlı söylədiyimiz fikirlər sadəcə ehtimal, şübhə ola bilər. Ehtimallar arasında bu hadisənin iştirakçılarından biri İran rejiminin kuklaları ola bilər. Xaricdə, xüsusilə ABŞ-da, Kalforniyada İran rejimi ilə mübarizə aparan qüvvələrin içində olan şahçılar, hansılar ki Pəhləvini yenidən hakimiyyətə qaytarmaq istəyirlər, onlar ola bilər. Bunlar öncələrdə də bir sıra müxaliflərinə qarşı bu hadisələr törətmişlər. Bu onlara yaraşan bir işdir, ona görə onlar bu işi görə bilərlər. Güney Azərbaycan Milli Hərəkatı olduğu bir yerdə bunlar Güney Azərbaycanı öz tərəflərinə çəkə bilmədilər. Üçüncü ehtimal onu deyə bilərəm ki, hadisənin törədilməsi Kaliforniyada erməni diasporasının da işi ola bilər. Mənə qalsa, düşünürəm ki, hadisənin iştirakçısı Pəhləvinin tərəfdarları ola bilər. Əsas məqsəd sadəcə burada Əhməd Obalı deyil, məqsəd Güney Azərbaycan milli fəallarını qorxutmaq, həmin hərəkatın fəallarını susdurmaqdır. Çünki onlar Güney Milli Hərəkatından çox ağır zərbələr alırlıar. Ancaq məqsədlərinə çatmayacaqlar. Belə hərəkətlərdən qorxsaydılar, millətçi olmazdılar".
Siyasi ekspert Məhsa Mehdili (Fransa) isə deyib ki, Əhməd Obalı bir Azərbaycan sevdalısıdır. Bütöv Azərbaycan yolunda mücadilə aparan şəxsə qarşı terror hamımıza qarşı olan hadisədir.
Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım da Əhməd Obalı və onun oğlunun Amerikada vəhşicəsinə döyülməsini terror aktı olaraq qiymətləndirib.
Bununla bağlı partiya sədri İnstaqram səhifəsində paylaşım edib.
“Biz hər şeydən əvvəl bunu terror əməli kimi qəbul edirik və qınayırıq. Bu məsələdə mütləq İran faşistlərinin, mərkəzçilərinin, türk düşmənlərinin barmağı var. Dərhal Amerika dövləti tərəfindən məsələnin araşdırılmasını, günahkarların tapılıb, cəzalanmasını tələb edirik. Əhməd bəyə və oğluna şəfa diləyirik. Bildirmək istəyirik ki, bu məsələdə susmaq yox, geri durmaq yox, bütün gücümüzlə bir yumuruq olaraq “Qızıl alma”ya doğru, istiqlala tam gücümüzlə davam edəcəyik. Bu davada hər bir şeyə hazırıq. Kimsə terrorla bizi susdura bilməyəcək”, - deyə o bildirib.
Milli Həmrəylik Paretiyasının sədri Əlisahib Hüseynovun fikrincə, ABŞ polisinin Obalılara hücum edən saxladığı 6 nəfər İranın terrorçu-casus şəbəkəsinin üzvləri ola bilər. Tehranın molla rejimindən hər cürə pislik gözləmək mümkündür:
"Mollalar Güney Azərbaycandakı soydaşlarımızın müstəqil dövlətçiliyi uğrunda mübarizə aparan milli fəalları ən müxtəlif, amansız üsullarla aradan götürməyə, neytrallaşdırmağa çalışır. Ancaq onlar əks nəticə ilə üzləşəcəklər. Bu cür xain, repressiv üsullar fars-molla rejiminə qarşı nifrəti getdikcə daha da artıracaq. Biz Milli Həmrəylik Partiyası olaraq Əhməd Obalıya və oğlu Dəniz bəyə "keçmiş olsun" deyir, onların tezliklə sağalmaları üçün dua edirik. Ümid edirik ki, Birləşmiş Ştatların hüquq-mühafiə orqanları da bu sui-qəsdi törədənləri və onların himayədarlarını tapıb layiqincə cəzalandırmaq üçün öz səylərini əsirgəməyəcək. Güney Azərbaycan məsələsi artıq dünya birliyinin gündəminə oturmalıdır. Beynəlxalq təşkilatlar molla rejiminin azğınlığına səssiz qalmamalıdır".
Politoloq Mirsamir Məmmədov isə bildirib ki, məkrli İran molla rejimi özünün mənfur cinayətlərinə və terror əməllərinə davam edir: "Əhməd Obalı çox uzun illərdir ki‚ xaricdə Güney Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır. Güneydə terrorist İran molla rejimi tərəfindən soydaşlarımızın başına gətirilən müsibətləri‚ məşəqqətləri‚ terror və repressiyaları çəkib bütün dünyaya çatdıran insandır. Əhməd Obalı Güney Azərbaycanın səsidir‚ dayağıdır‚ Güney Azərbaycanın haqq və hüquqlarının müdafiəçisidir. Vətənə‚ xalqa və millətimizə bağlı insandır Əhməd Obalı. Əhməd bəy və bütün komandası fars molla rejiminin qorxulu röyasıdır. Bu səbəbdən Əhməd Obalı İran molla rejiminin özünə təhlükə hesab etdiyi insandır. Əhməd Obalıya və oğlu Dənizə qarşı baş verən xain hücum birmənalı olaraq terror aktıdır və məkrli və cinayətkar İran molla rejiminin mənfur əməlidir. İrtica İran molla rejimi son aylarda daha da azğınlaşaraq qanlı əməllərə əl atır. Molla rejiminin ermənilərə verdiyi açıq dəstəklər azmış kimi‚ ölkəmizə və xalqımıza qarşı açıq şəkildə terror əməllərinə başlayıb".
Politoloq onu da əlavə edib ki, Azərbaycanın İngiltərədəki səfirliyinə qarşı hücum‚ Azərbaycanın Tehrandakı səfirliyinə qarşı xain terror hücumu‚ millət vəkili Fazil Mustafaya qarşı baş verən terror əməli‚ indi də Əhməd Obalıya qarşı baş vermiş terror əməli molla rejiminin nə qədər təhlükəli və qorxunc təfəkkürə malik terrorist bir rejim olduğunu göstərir. İran molla rejimi bu qədər terror cinayətlərinə görə cavab verməlidir:
"Əhməd Obalıya və oğlu Dənizə qarşı baş vermiş terror hücumunda ermənilərin də əli vardır. İran molla rejiminin bu gün ən yaxın müttəfiqi erməni lobbisidir. Hazırda Əhməd bəyə və oğluna qarşı baş verən mənfur hadisədə ermənilərin də əli var. Çox güman ki, baş vermiş mənfur terror hücumu SEPAH və ETTELAATIN ermənilərlə birgə və bilavasitə birbaşa ermənilərin yardımı ilə törətdiyi əməldir. Amerika xüsusi xidmət orqanları İran molla rejimi tərəfindən ABŞ-da törədilə biləcək terror aktının qarşısını öncədən almalı idi. İran rejimi ermənlərlə birlikdə və ermənilərin yardımı ilə bundan sonra da ABŞ-da və bir çox ölkədə özünə rəqib və düşmən bildiyi hər kəsə qarşı terror törədə bilər".
Son məlumatlara görə, Əhməd Obalı və oğlu Dəniz baş-boyun nahiyəsindən əməliyyat olunub, vəziyyətləri orta-ağırdır. Fəalın oğlu Dənizin vəziyyəti daha ağırdır:
Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova deyib: “Mütəmadi olaraq Ə. Obalının həyat yoldaşı Nahidə xanımla əlaqə saxlayıram. Nahidə xanım bildirib ki, hər ikisinin boyun nahiyəsində baş tutan əməliyyat yaxşı keçib, ancaq nəticəni zaman göstərəcək. Həm Ə. Obalı, həm də oğlu Dəniz əl və ayaqlarını hiss etmir. Ə. Obalının ciyərlərindən aldığı ağır zərbələrə görə həkimlər onun danışmasına hələ ki, icazə vermirlər. Həkimlər heç kimi Ə. Obalı və oğlunun olduğu otağa buraxmırlar”.
F .Pənahov bildirib ki, planlı hazırlanan cinayətdə məqsəd Ə. Obalı və Dənizin boynunu sındıraraq öldürməkmiş: “Nahidə xanım ağır psixoloji sarsıntı keçirib. O, yoldaşının, oğlunun və özünün təhlükəsizliyi ilə bağlı qorxu içindədir. Ümid edirik ki, ABŞ polisi baş verənlərə hüquqi müstəvidə cavab verəcək”.
Cavid