• 28 Mart 2024
logo
Türkiyənin “Bengü Türk” telekanalında Xocalı soyqırımı ilə bağlı xüsusi buraxılış yayımlanıb

Türkiyənin “Bengü Türk” telekanalında Xocalı soyqırımı ilə bağlı xüsusi buraxılış yayımlanıb

Türkiyənin nüfuzlu “Bengü Türk” televiziya kanalında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı xüsusi buraxılış yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişin qonaqları Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun keçmiş rəhbəri Necdət Ünüvar olublar.
Çıxışlarda Sovet İttifaqının süqutu ərəfəsində ermənilərin Azərbaycana qarşı əsasız ərazi iddiası əsasında başlanan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tamaşaçılara müfəssəl məlumat verilib. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı ermənilərin Azərbaycan və Türkiyəyə qarşı açıq düşmənçiliyinin və əsasız iddiaları nəticəsindən törədilən bəşəri cinayətdir. Türk dünyası birliyinin vacibliyi, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin tarixi əhəmiyyəti, o cümlədən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı məsələlərinə də toxunulub.
Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrə toxunan Hulusi Kılıç vurğulayıb ki, bu müzakirələrdə Prezident İlham Əliyev işğalçı ölkənin təcavüzkar siyasətini təkzibolunmaz faktlarla dünya ictimaiyyətinə çatdırdı.
Veriliş zamanı Xocalı soyqırımının dəhşətlərini əks etdirən kadrlar, həmçinin “Azərbaycan bayrağını Qarabağda asacağıq!” şüarı nümayiş etdirilib.
Qonaqlar tanınmış teleaparıcı Alper Tunga Aktaşın suallarını cavablandırıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara