• 20 Aprel 2024
logo
Baş nazir: “İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq”

Baş nazir: “İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq”

Bu gün Brüsseldə Türkiyə, Finlandiya və İsveç rəsmiləri arasında müzakirələrin növbəti raundu keçirilib.
Bu barədə İsveçin Baş naziri Maqdalena Andersson NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
O bildirib ki, ötən şənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı yaxşı və konstruktiv olub.
"Bu gün səhər Brüsseldə Türkiyə, İsveç və Finlandiya rəsmiləri arasında müzakirələrin növbəti raundu baş tutdu. Mən ümid edirəm ki, müzakirələr yaxın gələcəkdə uğurla nəticələnəcək. Bu bizim üzvlük prosesinin tez zamanda başlamasına yola açacaq. İsveç və Finlandiya Türkiyə də daxil olmaqla bütövlükdə NATO-nun təhlükəsizliyinə töhfə verəcək", - o vurğulayıb.
İsveçin Baş naziri bildirib ki, onun ölkəsinin təhlükəsizlik orqanları Türkiyənin terrorçuluqda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı müracətini diqqətlə nəzərdən keçirir və ekstradisiyalarla bağlı Avropa Konvensiyasına uyğun olaraq qərar veriləcək.
"İsveç NATO-nun terrorla mübarizə səylərinə dəstək verməyə sadiqdir. Bizim PKK ilə bağlı mövqeyimiz aydındır, bu təşkilat İsveçdə və Aİ-də terrorçu kimi tanınıb.
İsveç terrorçular üçün təhlükəsiz sığınacaq deyil və olmayacaq", - Baş nazir vurğulayıb.