• 20 Aprel 2024
logo
İsrail XİN rəhbəri: “Türkiyə ilə münasibətlər daha da yaxınlaşacaq”

İsrail XİN rəhbəri: “Türkiyə ilə münasibətlər daha da yaxınlaşacaq”

Türkiyə və İsrail regional güclərdir. Bu iki ölkənin qədim tarixi əlaqələri var.
Bunu İsrailin xarici işlər naziri Yair Lapid türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Türkiyə ilk islam ölkəsidir ki, 1949-cu ildə İsrail müstəqil dövlət kimi tanıyıb”, - israilli nazir bildirib.
İsrail XİN başçısı qeyd edib ki, iki ölkə arasında müxtəlif illərdə siyasi əlaqələrdə müəyyən dönüşlər olub: “Son 15 ildə ilk dəfədir ki, Türkiyə xarici işlər naziri İsrailə səfər edir. Biz inanırıq ki, bu səfər siyasi, diplomatik əlaqələrimizdə, eyni zamanda, iqtisadi əlaqələrimizdə inkişafa səbəb olacaq, biznes əlaqələri, xalqlarımız arasında münasibətlər daha da yaxınlaşacaq.
Diplomatik əlaqələrimizdə çətinliklər olsa da, iqtisadi əlaqələrimiz həmişə davamlı şəkildə irəliləyib və yaxşı səviyyəyə çatıb. Lakin yaxşı işləyərək biz iqtisadi sahədə əməkdaşlığımızı daha da artıra bilərik. Bu gün görüşdə qərara aldıq ki, yenidən iki ölkə arasında birgə iqtisadi komissiyanın fəaliyyətini bərpa edək və həmçinin, yeni mülki aviasiya sazişi üzərində işləməyə başlayaq.
İsrail xalqı Türkiyəni sevir. Hər gün İsraildən Türkiyəyə 10 uçuş olur və minlərlə İsrail vətəndaşı Türkiyəyə səfər edir, onlar Türkiyə mədəniyyətini, musiqisini, turizmini sevir”.