• 28 Mart 2024
logo
Qardaşlığın Zəfəri

Qardaşlığın Zəfəri

Azərbaycan və Türkiyə bölgədə və Türk Dünyasında həm ideoloji, həm də strateji baxımdan qalibdirlər

Bu gün Türkiyədə, təkcə qardaş ölkə üçün deyil, həm də Azərbaycan, Gürcüstan, Qara dəniz hövzəsinin diğər dost dövlətləri və Türk Dünyasının gələcəyi baxımından mühüm strateji əhəmiyyətə malik olan daha bir strateji layihənin - Rizə-Artvin hava limanının açılış mərasimi baş tutdu və təbii ki, Azərbaycan-Turkiyə qardaşlığını ən üst səviyyəyə daşıyan iki böyuk liderin - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə...
Məsələnin emosional tərəfini bir tərəfə qoyuram. Şübhəsiz ki, sevinirəm, qürur hissi keçirirəm, Türkiyəli qardaşlarım demiş, içim içimə sığmır. Amma hörmətli prezidentlərimizin iştirakı ilə açılışı baş tutan hava limanının strateji onəmi o qədər böyükdür ki, sevinci, qüruru belə dopdolu yaşamaq üçün baş verən hadisənin mahiyyətinə varmaq lazımdır. Rizə-Artvin Türkiyənin son nöqtəsi, giriş və çıxış qapısıdır. Eynilə Füzuli beynəlxalq hava limanı Qarabağın giriş qapısı olduğu kimi...
Füzuli beynəlxalq hava limanına enən ilk xarici təyyarədə Azərbaycana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gəlmişdi... Rizə-Artvin hava limanına enən ilk xarici təyyarə isə qardaş ölkəyə Azərbaycan Prezidenti İlham Əliyevi gətirdi... Burada "xarici" sözü simvolik anlam daşıyır, şübhəsiz. Amma eyni zamanda bir millətin beynəlxalq hüququn subyekti olan iki dövlətinin mövcudluğunu ifadə edir və nə yaxşı ki, bu gün bir millətin iki dövlətinin qurduğu iqtisadi, siyasi və mədəni əməkdaşlıq platforması üzərindən Türk Dünyasının birliyinə, bütövlüyünə doğru yürüyən yeddi türk dövləti var...
Rizə-Artvin hava limanı Qara dənizdə inşa edilib. Bəli, Qara dənizdə... Sahil sularının bir hissəsi qurudulub və həmin ərazidə hava limanı tikilib.
Hava limanının yaxınlığında Qara dənizin iki önəmli dəniz limanı Rizə və Hopa dəniz limanları yerləşir. Sarp sərhəd-buraxılış məntəqəsi isə Rizənin, təxminən 100 kilometrliyindədir. Bu baxımdan, Rizə-Artvin hava limanının istismara verilməsi sözügedən ərazidə bir-biri ilə sinerji təşkil edən logistik layihələrin tamamlanması və vahid strateji logistik platformanın tərkib hissəsinə çevrilməsi deməkdir.
Ayrı-ayrılıqda detallara diqqət çəkmək istəmirəm, amma düşünürəm ki, hazırda Qara dəniz hövzəsində baş verən hadisələrin fonunda bu bölgənin nə qədər qlobal əhəmiyyətə malik olduğunu müəyyənləşdirmək çətin deyil.
Bu layihələr yüzillər sonranı düşünən strateji zəkanın məhsuldur və Əsrin Müqaviləsindən başlayaraq, bütün təzyiqlərə, çeşidli geosiyasi oyunlara, maraqların toqquşmasına rəğmən qətiyyətlə davam etdirilir. Bu günün reallıqları müstəvisindən, Azərbaycanla Türkiyənin iştirakı və təşəbbüsü ilə həyata keçirilən layihələrə skeptik yanaşan, burnunun ucundan o yanı görə bilməyən, hər iki ölkəyə tarixi, mədəni bağlılıqları, məsafə etibarilə yaxınlıqdarı olduqları halda min kilometrlərlə uzaqda dayanmaq yolunu seçənlərin "hazırın naziri" olmaq uğrunda necə yarışa çıxdıqlarını izləmək çox maraqlıdır. Azərbaycan və Türkiyə bölgədə və Türk Dünyasında həm ideoloji, həm də strateji baxımdan qalibdirlər! Qaliblərin isə dostu çox olur...
Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda ölüm-qalım savaşına başlayanda isə yanımızda, sözün əsl mənasında qardaş Türkiyə var idi...
Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında məhz bu qardaşlıq nümunəsini önə çəkərək, "İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir" , - dedi. Çox ciddi mesajdır, qanan üçün də, qanayan üçün də...
Məhz bu yerdə cənab Prezidentin çıxışından iqtibas gətirməklə, Azərbaycan-Turkiyə birliyinin, qardaşlığının nə qədər səmimi, nə qədər təmənnasız olduguna diqqət çəkmək istəyirəm:
"Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.
Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.
Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik".
Zənnimcə, Azərbaycan-Turkiyə münasibətlərini bundan daha gözəl və gerçək bir sevgi ilə ifadə etmək mümkün deyil.
İkinci Qarabağ müharibəsində Azərbaycan və Türkiyə öz təhlükəsizliklərini təmin etmək gücündə olan bir ittifaq modelini ortaya qoydular. Yazısız-pozusuz, çeşid-çeşid bəlağətli sözlərin yer aldığı müddəalardan ibarət sənəd-filan olmadan. Kişi sözüylə! Ənənələrə sadiq qalaraq! Dedilər və arxasında dayandılar!
Prezident İlham Əliyev müharibədən sonra "bizim sözümüz imzamız qədər keçərlidir" deyəndə, atdığı imzanın, verdiyi sözün dəyərini bilməyənlərə ləyaqət dərsi keçir və nümunə göstərirdi...
Bu nümunə, az qala hər gün göstərilir. Həm ayrı-ayrılıqda, həm də bir millətin iki dövləti olaraq!

Elçin Mirzəbəyli