• 2 Dekabr 2023
logo
TBMM-in sədri Xocalı faciəsi ilə bağlı bəyanat yayıb

TBMM-in sədri Xocalı faciəsi ilə bağlı bəyanat yayıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.
Bu barədə Türkiyə parlamentinin rəsmi saytında bildirilib.
“Qırğının 30-cu ildönümündə Xocalı şəhidlərimizi rəhmətlə yad edir, kədərdə və sevincdə əbədi bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımıza başsağlığı verirəm. Fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni əsgərlərinin hücumu nəticəsində 83 uşaq, 106 qadın və 70-i qoca olan ümumilikdə 613 Azərbaycan türkü bir gecədə vəhşicəsinə öldürüldü. Uşaqları, qadınları və qocaları işgəncə ilə öldürən zalımlar və qorxaqlar dəstəsi səkkiz ailəni tamamilə məhv etdi, 487 nəfəri ağır yaralayaraq əlil etdi. 1275 qardaşımızı əsir götürdülər. Əsir götürülənlərin 68-i qadın, 28-i uşaq idi. Taleyini bilmədiyimiz 150 qardaşımız isə bu gün də itkindir.
Müharibənin də vicdanı və qanunu olduğuna inanan qədim bir sivilizasiyanın mənsubları olaraq yaddaşlarımızda ən ağır cəzaya məhkum etdiyimiz bu qırğına qarşı beynəlxalq ictimaiyyət hələ də üç meymun oynayır. Azərbaycanlı qardaşlarımız Birinci Qarabağ müharibəsində məruz qaldıqları vəhşilik və qırğınların əvəzini 2020-ci ildə 44 gün davam edən şanlı dastanla verərək tarixlərində yeni səhifə açmış və beləliklə, Xocalı qətliamının ağrılarına dərman olunub. Lakin buna baxmayaraq, vəhşicəsinə qətlə yetirilmiş günahsız insanların itkisi qəlbimizi yandırır.
Biz Türkiyə olaraq 20-ci əsrin sonlarında sivil dünyanın gözü qarşısında baş verən və beynəlxalq cinayət kimi rəsmən tanınan bu soyqırımı tarixin qara ləkələrindən biri kimi heç vaxt unutmayacağıq”, - TBMM sədri bildirib.
O qeyd edib ki, XXI əsrdə də Xocalının təkrarlanmaması üçün Türkiyə bu faciəni hər il dünyaya xatırlatmağa davam edəcək: “Xocalı qətliamında həyatını itirmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş bütün şəhidlərimizi bir daha rəhmətlə yad edirəm. Azərbaycan xalqına başsağlığı verirəm. “Bir millət, iki dövlət” anlayışına uyğun olaraq bundan sonra da Türkiyə Azərbaycanın haqlı mübarizəsində onun yanında olacaq”.