• 19 Mart 2024
logo
Dünyanın dünya boyda Atatürk sevgisi

Dünyanın dünya boyda Atatürk sevgisi

Vaqif Abışov: “Ağır zamanda Atatürk kimi böyük bir şəxsiyyət ordunun başına keçdi, düşmənlərə Türkiyənin sahibsiz olmadığını, millətinin mübarizliyini sübut etdi”

Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşən, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumuna tabe olan Atatürk Araşdırma Mərkəzi 4 ildən bir Beynəlxalq Atatürk konqresi təşkil edir. Bu elmi tədbirdə dünya alimləri tərəfindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dövrü, mühiti, elmi və mədəni-siyasi irsinə müraciət edilir, bu sahədəki araşdırma və tədqiqatlar aparılır, müzakirə və təhlil olunur.
Belə tədbirlərdən növbətisi, IX Atatürk konqresi bu günlərdə Türkiyənin Amasya şəhərində keçirilib. Konqresdə dünyanın 13 dövlətini təmsil edən 100-ə qədər elm adamı iştirak edib.
12-15 noyabr tarixlərində keçirilən konqresdə iştirak edən AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarix üzrə elmlər doktoru, BAXCP Ali Məclisinin sədri Vaqif Abışovla söhbətləşib, təəssüratlarını aldıq.
V.Abışov əvvəlcə belə bir konqresin dövlət səviyyəsində təşkil olunmasından söz açdı. Bildirdi ki, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumuna tabe olan Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə keçirilən konqres dövlət səviyyəli xarakter daşıyıb.
Alim dedi ki, konqres Amasia universitetində işinə başladı. Tədbirin keçirildiyi üç gün ərzində tarixi araşdırmalara əsaslanan maraqlı məruzələr dinlənilərək XX əsrlərin aktual problemləri müzakirə edilib.
Konqresin açılış mərasiminə Amasya valisi Osman Varol, AK Partiya Amasya Millət vəkili Mustafa Levent Karahocagil, Amasya Bələdiyyə Başçısı Mehmet Sarı, Amasya Universiteti Rektoru Prof. Dr. Süleyman Elmaci və Ali Qurum Başçısı Prof. Dr. Muhammet Hekimoğlu ilə bir çox alim, tələbələr və qonaqlar qatılıblar: “Açılış mərasimində İstiqlal Marşının ardından Amasya Gözəl Sənətlər Liseyinin şagirdləri tərəfindən qısa musiqi konserti verildi. Konsertdə Mustafa Kamal Atatürkün ən sevilən mahnıları səsləndirildi. Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Türkiyə Böyük Millət Məclisinin sədri. Dr. Mustafa Şentopun təbrik mesajları oxundu”.
Konqresin ana mövzusunun 1914-1920-ci illəri əhatə etdiyini bildirən tarixçi alim bu dövrün Türkiyənin müharibədə keçdiyi yol, Atatrükün faəliyyəti, Türkiyənin yenidən dirçəldilməsi, xarici qüvvələrə qarşı apardığı azadlıq mübarizəsi ilə bağlı olduğunu deyib.
V. Abışov qeyd etdi ki, konqres tək Türkiyənin şəhərlərində deyil, dünyanın müxtəlif ölkələrində, eyni zamanda, VIII konqres 2015-ci ildə Gəncə şəhərində keçirilib.
Yeri gəlmişkən, V.Abışov Gəncədə keçirilən VIII Beynəlxalq Atatürk konqresində də iştirak edib.
Alimin sözlərinə görə, belə konqreslərin keçirilməsində əsas məqsədlərdən biri dünya ictimaiyyətinə Türkiyənin 1918-1920-ci illərdə müharibə tarixini, Atatürkün mübarizəsini, tük milləti və xalqının cəsarəti, qəhrəmanlığı və Türkiyənin yadellilərə qarşı qurtuluş savaşında qələbəsini çatdırmaqdır: “Konqresin keçirilməsi, tək türk dövlətləri üçün deyil, dünya üçün önəmlidir. Çünki həmin dövrdə dünya bu siyasətin, bu savaşın içində idi - Amerika, Fransa, İtaliya, Rusiya, Almaniya, Avstriya, Macarıstan, Bolqarısan və başqa dövlətlər bu müharibəyə qoşulmuşdular”.
V.Abışov bir qədər tarixə ekskurs edərək məlumat üçün bildirdi ki, Birinci Dünya müharibəsində Türkiyənin daxil olduğu “Alman” (Almaniya, Avstriya, Macarıstan, Bolqarıstan) bloku məğlub olmuşdu. Maliyyə, ərazi və insan resursları baxımından bu bloka daxil olan dövlətlər çox itkilər verdilər. Bloka daxil olan ölkələrlə müqavilələr bağlanmışdı, amma ən sonda Türkiyə ilə müqavilənin bağlanmasını saxlamışdılar.
Səbəbini soruşduqda Vaqif bəy dedi ki, məqsəd Türkiyəni bölmək, parçalamaq, dağıtmaq idi: “Amma bölə bilmirdilər, Türkiyənin gələcək taleyini müəyyənləşdirə bilmirdilər. Çünki bu məsələdə Türkiyə xalqının böyük bir iradəsi vardı. Eyni zamanda, həmin dövrdə dünya müsəlmanları Türkiyəni müdafiə edirdi. Nədən? Ona görə ki, 1517-ci ildən başlayaraq xəlifə İstanbulda əyləşirdi, Osmanlı sultanı xəlifə hesab olunurdu. Hindistanda, Asiya, Afrika qitəsində müsəlmanlar öz xəlifələrini müdafiə edirdi. O baxımdan Türkiyəni bölmək istəyən qüvvələr böyük bir təpki, etirazla üzləşmişdi, çünki Türkiyə məsələsi digər ölkələrin məsələsindən çox fərqlənirdi”.
V.Abışov onu da bildirdi ki, həmin anlarda Türkiyənin varlığını, ərazi bütövlüyünü, xalqını qorumaq üçün millət ayağa qalxmışdı. İtaliya, Yunanıstan, İngiltərə, Fransa, Ermənistan, hətta Amerika Osmanlı İmperiyası torpaqlarından pay istəyirdi. Türkiyəni elə bir vəziyyətə salmaq istəyirdilər ki, gələcəkdə təsirsiz, gücsüz bir dövlətə çevrilsin. Türkiyənin ərazisi, xüsusən Yunanıstan, İtaliya və Ermənistan arasında bölüşdürülmüşdü: “1920-ci il avqustun 10-da Sevr müqaviləsi ilə Türkiyə rəsmən bölüşdürüldü, ölkə Egey dənizindən məhrum oldu, İstanbul və onun çevrəsi ANTANTA dövlətlərinin təsiri altında qalırdı, ölkənin Qara dənizə kiçik bir çıxışı vardı. Bu paylanmada Yunanıstan və İtaliya da böyk pay alırdı, hətta Amerikanın himayəsi əsasında Ermənistan da Qara dəniz çıxışında özünə dövlət qurmaq imkanı ıldə edirdi. Türkiyənin böyük şəhərləri, İstanbul da daxil olmaqla hərbi depoları, resursları Fransa və İngiltərənin əlində idi”.
V.Abışov bu tarixi səbəbsiz olaraq xatırlamadı. Alim dedi ki, belə bir ağır zamanda Atatürk kimi böyük bir şəxsiyyət ortaya çıxdı və ordunun başına keçdi, düşmənlərə Türkiyənin sahibsiz olmadığını, millətinin mübarizliyini sübut etdi. Yadellilərə qarşı savaş açdı və Türkiyəni qurdlar süfrəsindən götürdü.
Alim konqresdə edilən bütün məruzələrin, çıxışların bu tarixi özündə əks etdirdiyini söylədi. Onun fikrincə, Atatürkün apardığı qurtuluş savaşı və bu savaşın qələbə ilə nəticələnməsi və Türkiyənin parçalanmasının qarşısının alınması, bütövlüyünün saxlanması təkcə türk xalqı, milləti üçün yox, bütün dünya müsəlmanları üçün əhəmiyyətli xarakter daşıdı.
Təbii ki, Azərbaycandan həmin konqresdə təmsil olan alimimiz orada çıxış etməyə bilməzdi. Axı bir millət, iki dövlətik, Atatürk Azərbaycanda da daha çox sevilir, xatirəsi əziz tutulur və hər bir azərbaycanlı Atatürkin azadlıq savaşındakı şücaətindən, əzmkarlığından məlumatlıdır.
V.Abışov dedi ki, məruzəsi Türkiyənin Birinci dünya müharibəsindən sonrakı vəziyyətini, 1918-20-ci illəri əhatə edib. Alim konqresdəki çıxışını daha çox Azərbaycan Xalq Cümhuriyyəti dövründə rəsmi orqanı olan “Azərbaycan” qəzetində çap olunan materiallar əsasında hazırladığını qeyd etdi. Bildirdi ki, araşdırmaları zamanı əski və krill əlifbası ilə çap olunan “Azərbaycan” qəzetində Birinci Dünya savaşında Türkiyə ilə bağlı sanballı və qiymətli məlumatlar əldə edib. Topladığı məlumatlar əsasında V.Abışovun hazırladığı çıxış tək konqres iştirakçıları yox, dünya ictimaiyyəti üçün əhəmiyyətli tarixi, elmi bir məlumat bazası idi. Axı, iki ildə “Azərbaycan” qəzetində 1918-20 ci illərdə Türkiyədəki hadisələrlə bağlı 140-dan çox informasiya və məqalə çap olunmuşdu ki, bunlardan çoxunun xəbəri yox idi: “Materiallarla tanış olduqda qəzetin Türkiyənin taleyini dərindən və diqqətlə izlənildiyi, incəliklərinə kimi hadisələrin şərh olunduğunun şahidi oldum. Bütün məlumatlar böyük peşəkarlıqla, tarixi faktlar və dəqiqliklə hazırlanmışdı. Kimlər olub o vaxtı həmin qəzetin redaktorları - əski əlifba ilə çıxan variantın redaktorları Ceyhun Hacıbəyli, sonradan qardaşı Üzeyir Hacıbəyli, qəzetin rus variantına Şəfi bəy Rüstəmbəyli ilə Ceyhun bəy Hacıbəyli rəhbərlik ediblər. Bu şəxsiyyətlər heç bir yanlışlığa yol verə bilməzdilər. Dünyanın müxtəlif ölkələrinin mətbuatında Avropa dövlətlərinin Türkiyəyə qarşı siyasəti ilə bağlı çap olunan məlumatların əldə edilib “Azərbaycan” qəzetində nəşr edilməsi, təhlili olunması böyük qəhrəmanlıq idi”.
Alim onu da vurğuladı ki, müasir dövrün tədqiqat əsərləri, 1918-20-ci illərdə baş verən hadisələr, onlara yeni baxışlarla həmin dövrdə çap olunan “Azərbaycan” qəzetindəki materialları tutuşduranda uyğun gəldiyini görərik.
V.Abışovdan soruşduq ki, 4 il öncə Gəncədə keçirilən konqresdə də iştirak etmisiz, ondan əvvəl də 7 konqres keçirilib. Hər konqresdə mövzu eyni olsa da tarixi hadisələrə müxtəlif baxışlar olub. Konqreslərin sayı artdıqca baxışlar, elmi araşdırmalar tükənə bilərmi?
Alim dedi ki, Atatürk irsi ilə bağlı müxtəlif ölkələrin arxivlərində hələ üstü açılmayan məlumatlar çoxdur: “Yuxarıdakı fikrimdə qeyd etdim ki, Atatürkün azadlıq uğrunda savaşı elə bir dövrə təsadüf etmişdi ki, dünya bu siyasətin içindəydi. Nə qədər elmi, tarixi araşdırmalar aparılsa da, yeniləri üzə çıxacaq. Hər bir elmi araşdırma digərlərinin axtarışına yol açır. İkincisi də, konqresin elm adamlarından təşkil etdiyi xüsusi komissiyası var. Bu komissiya konqresdə iştirak etmək istəyən alimlərin onlara daxil olan elmi məruzələrinin xülasəsini nəzərdən keçirir. Bütün incəliklərə diqqət yetirilir, oxşarlıq və təkrarlıq olarsa o məruzə proqramdan çıxarılır, yeni elmi araşdırma və tarixi faktlara üstünlük verilir”.
Sualımızla bağlı V.Abışov konqresdə edilən bir məruzədə eşitdiklərindən danışdı. Bildirdi ki, 1918-20-ci illərdə italyanlar təyyarələrlə Türkiyənin şəhərlərini bombalayırmış. O zaman Atatürk çıxşlarının birində demişdi ki, vaxt gələcək Ttürkiyə də belə təyyarələr istehsal edəcək: “Yəni bu gün türklərin leksikonunda olan uçaq sözünü yox, Atatürk təyyarə sözünü işlədib”.
Alim dedi ki, belə konqreslərin təşkili 1918-1920-ci illərdə Atatrüklə bağlı arxivlərdə yatan Türkiyənin zəngin tarixi qatlarının açılmasıa səbəb olur, dünya ictimaiyyəti türk xalqının azadlıq uğrunda savaşının və qələbəsinin şahidi olur.
Bəs nədən konqresin keçirilmə məkanı Amasya seçilib?
V.Abışov bu suialımıza da tarixi fakt və məntiqlə cavab verdi. Alim bildirdi ki, Amasiya vaxtilə Pont adlanan yunan çarlığının paytaxtı olub. Sonradan səlcuqlar dönəmində Amasya ələ keçirilib: “Atatrük ilk dəfə olaraq Qara dənizin limanı olan Samsunqdan quruya çıxarkən məhz Amasiyaya getmişdi. Amasya xalqı Atatrükün gələcək azadlığı uğrunda mübarizlik planını dəstəkləmək üçün onu qarşılamağa çıxmışdı, onunla bu yolda birlikdə olacaqları sözünü vermişdilər. Yəni Atatrük qurtuluş savaşının gücünü ilk dəfə Amasya xalqından alıb. Daha sonra Atatrük Amasyadan Sivasa gedib. Yeri gəlmişkən, Orta əsrlərə dair bir faktı da qeyd edim ki, Osmanlı sultanları həmişə hakimiyyətə gəlmək üçün şahzadəliklərini Amasyadan başlamışlar. Misal üçün, II Murad, II Mehmet, Sultan Yavuz Səlim və başqaları. Amasyada salınan bir muzey də var ki, orada sultanların və həmin dövrün tarixi hadisələrini özlərində əks etdirən məlumatlar saxlanılır. Ona görə də bu dəfə məkan Amasya şəhəri seçildi”.
V.Abışov konqresdəki çıxışlarda, Türkiyənin dövlət və elm adamları, kiçikdən böyüyədək hər bir türkün öz tarixinə, millətinə, Atatürkə sonsuz sayğı və sevgilərini gördüyünü vurğuladı: “Türk milləti öz şanlı, qəhrəmanlıqla dolu keçmişini, mübariz tarixini və bu tarixi yazan bugünkü güclü Türkiyənin banisi Atatürkü heç vaxt unutmayacaq. Bu inam, bu sədaqət Türkiyənin gələcəyi, gücü, əyilməzliyi, zəfəri deməkdir”.
Sonda V.Abışov konqresdə X Beynəlxalq Atatürk konqresinin 2023-cü ildə Ankarada keçiriləcəyi və bunun da Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunacağı barədə qərar qəbul olunduğunu dedi.

Cavid