• 19 Mart 2024
logo
Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

Yoxsulluğun artması nəticəsində Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində dinlənçilərin sayı çoxalıb və bu şəhər başçısının (fərmandar) narazılığına səbəb olub.
“Lazimi tədbirlərin görülməməsi dilənçilər və küçə uşaqlarının şəhərdə yayılmasına səbəb olub. Bu tendensiyanın qarşısını aklmaq üçün əsaslı planlaşdırılmalar aparılmalıdır”-deyə, Urmu şəhərinin başçısı Rəsul Muqabili bildirib.
İş və küçə uşaqlarının işçi qrupunun iclasında çıxış edən Muqabili Urmu bələdiyyəsini məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətdə suçlayıb və dilənçilər, küçə uşaqları üçün sığınacaqların qurulması işini tezləşdirməsini istəyib.
O, dilənçilərin bir kəsiminin başqa əyalətlərdən urmuya gəldiklərini deyib və məhkəmə sistemi məsullarına müraciə edərək problemin həllində laqeydlik göstərən qurum və şəxslərə qarşı tədbir görmələrini xahiş edib.
Qeyd edək ki, İranda yoxsulluq və inflyasiya səviyyəsinin artması nəticəsində dilənçilərin sayı artıb və onlar bundan öncə olmadıqları bəzi Azərbaycan şəhərlərində də çoxalmağa başlayıblar.
Urmu şəhəri ilə yanaşı Təbrizdə də işsiz, evsiz və dilənçilərinin sayının artması əhalinin hökumət və əlaqədar yerli qurumlara qarşı narazılıqlarını daha da artırıb.
Rəsmi qurumların verdiyi məlumata əsasən qısa müddətdə tarixi paytaxtımızda dilənçirlərin sayında kəskin çoxalma qeydə alınıb.
Hazırda Təbrizdə Yoxsullara Dəstək Xeyriyyə Təşkilatında yerləşən Dilənçiliyin Qarşısının Alınması və Tənzimlənməsi Evinin katibi Hüseyn Əlamir mediaya verdiyi açıqlamada son 6 ayda Təbrizdə dilənçi sayının 17% artdığını deyib.
O, cari günəş ilinin 6 ayı ərzində Təbrizdə 1186 dilənçinin yığışdırılmasına toxunaraq, onlardan 550-nin qadın, 636-nın isə kişi olduğunu və öncəki dövrə nisbətdə qadın dilənçilərinin sayının çoxaldığını qeyd edib.
Təbriz fərmandarının siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Səid Bərzgər isə hal-hazırda dilənçiliyin şəhər üçün ciddi problemə çevrildiyini və bunun qarşısının alınması üçün müxtəlif dövlət qurumlarının birgə tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu söyləyib.
O, Təbrizdə dilənçiliklə məşğul olanları iki dəstəyə ayırıb.
“Onların bir dəstəsi rəsmi yaşayış icazələri olmayan xarici vətəndaşlardırlar. İkinci qismi isə İranın başqa əyalətlərindən dilənçilik üçün Təbrizə gələn şəxslərdirlər”-deyə, Bərzgər bildirib.
Fərmandar müavini bununla yanaşı yerli dilənçilərin də olduğunu, onların statistikasının aparıldığını və yerli xeyriyyəçilərin yardımı üçün onların statistikasının aparıldığını deyib.
Təbriz Şəhər Şurasının üzvü Ruhullah Rəşidi isə yerli məsulların dilənçilərin qıraqdan gəlmə olduqları ilə bağlı dediklərini absurd adlandırıb.
“Rəsmi statistikalara görə, ölkədə 30 milyon insan yoxsulluq həddinin altında yaşayır. Təbrizdə isə 300 min nəfərə bərabər olan 93 min ailə mütləq yoxsulluq həddində yaşayır.
Yoxsulluq təbrizli və qeyri-təbrizli tanımır”-deyə, əhalinin məişət problemlərinin həddindən çox olduğunu bildirib.
Gunaz.tv