• 21 Yanvar 2022
logo
Tanınmış ekoloq Urmu gölü ətrafında yaranan duz fırtınasından danışıb

Tanınmış ekoloq Urmu gölü ətrafında yaranan duz fırtınasından danışıb

O, göl yatağından qaydasız duz istismarının fırtınanın yaranmasına səbəb olduğunu deyib.
Tanınmış güney azərbaycanlı ekoloq son günlər Urmu gölü ətrafında baş verən duz fırtınaları barədə Təbrizin “azərəncümən” saytına danışıb.
“Çox guman ki, dünən baş verən və Təbrizə doğru istiqamətlənən güclü külək Urmu gölünün dağılmış qatlarındakı duzu havaya qaldırıb və ətraf ərazilərdə duz fırtınasına səbəb olub”-deyə, Əhməd Bayburdi bildirib.
Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəhbəri Həsən Abbasnəjadın məsələni təkzib etməsinə münasibət bildirən Bayburdi , onun məsələnin elmi tərəfindən xəbərsiz olduğuna işarə edib.
“Elmi müzakirələrdə ya fenomen haqqında tam məlumatlı olmalıyıq, ya da onu şərh etməkdən çəkinməliyik”-deyə, Təbriz Universitetinin Elmi Heyətinin üzvü Abbasnəjadı problemə qeyri-peşəkar yanaşmaqda günahlandırıb.
Ekoloq bildirib ki, Urmu gölünün qurumasının ilk illərində buxarlanma nəticəsində əmələ gələn yataq sərt duz təbəqəsindən ibarət idi və külək rahatlıqla onu ətrafa sovura bilmirdi.
Ancaq indi Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin icazəsi ilə gölün yatağından qaydasız şəkildə duz istismarına başlanılması duz qayalarını ilkin formasından çıxarıb və güclü külək onu havaya sovuraraq duz fırtınası yaradıb.
Gunaz.tv