• 30 Noyabr 2021
logo
Milli fəal Məhəmməd Mərdinin məhkəmə iclası keçirilib

Milli fəal Məhəmməd Mərdinin məhkəmə iclası keçirilib

Oktyabrın 26-da milli-mədəni fəal Məhəmməd Mərdinin məhkəmə iclası keçirilib. O, Təbrizin Sina xəstəxanasında müalicə olunduğu üçün məhkəmə iclasına qatıla bilməyib.
Rza Fruğinin başçılığı ilə keçirilən məhkəmə iclasında Məhəmməd Mərdinin xəstəliyi ilə bağlı həkim arayışı və müdafiə yazısı onun vəkili Saleh Heydərinin vasitəsilə məhkəməyə təqdim olunub.
Bundan öncə Təbriz prokurorluğunun 15-ci bölməsində Mərdiyə qarşı “ictimai asayişi pozmaq” ittihamı irəli sürülüb, barəsində qaldırılmış “hökumətə qarşı təbliğat” ittihamı isə ləğv edilib.
İyulun 24-də Məhəmməd Mərdi təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Saxlanıldığı zaman döyülən fəal baş və çənə nahiyəsindən ciddi xəsarətlər alıb.
Mərdi ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra 11 avqustda Təbriz həbsxanasına köçürülüb, 14 avqustda isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Məhəmməd Mərdi bundan öncə 2016-cı ildə milli fəal Murtəza Muradpurun zindanda aclıq aksiyasına dəstək verdiyi üçün basqılara məruz qalıb.
2017 və 2018-ci illərdə Babək qalasına illik yürüşdə iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün saxlanılıb.
Sonuncu dəfə iyulun 24-də Güney azərbaycanlıların Xuzistan ərəblərinə dəstək aksiyasında iştirak etdiyi üçün tutulub.
Gunaz.tv