• 19 Mart 2024
logo
Ərdoğan Qarabağa görə beynəlxalq media quruluşlarını tənqid edib

Ərdoğan Qarabağa görə beynəlxalq media quruluşlarını tənqid edib

“Ötən il 44 gün boyunca Ermənistan ordusunun qadağan olunmuş silahlardan istifadə edərək dinc insanlara hücum etməsini dünya mediası gündəmə gətirilmədi”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən “Media Forumu”nda çıxışı zamanı deyib.
Türkiyə Prezidenti dünyada söz azadlığından və obyektivlikdən bəhs edən beynəlxalq media quruluşlarının özlərini İkinci Qarabağ müharibəsində Ermənistanın rəsmi xəbər agentliyi kimi apardıqlarını vurğulayıb və bunu tənqid edib.
“Qarabağ müharibəsi ölkələrimiz və Türk dünyası ilə bağlı həqiqətlərə qarşı göstərilən nə ilk, nə də son nümunədir. Qondarma “soyqırımı” iddiaları başda olmaqla tariximizi, milli təhlükəsizliyimizi və millətimizin dəyərlərini hədəf seçən oxşar münasibətə şahid oluruq”, - Ərdoğan vurğulayıb.
Türkiyə dövlət başçısı qeyd edib ki, Türk Şurasının “Media forumu”nda xüsusən dezinformasiyaların təsirləri və onların qarşısının alınması məsələləri müzakirə olunacaq: “Necə ki, müdafiə sənayesində əcnəbi ölkələrə bel bağlamırıqsa, eləcə də media sahəsində də bizə vicdan dərsi keçmək istəyənlərə güvənməməliyik. Yaşadığımız acı təcrübələrdən hasil olan nəticə budur. Türk dünyası olaraq bu istiqamətdə də birlikdə addımlamalıyıq”.