• 18 Aprel 2024
logo
Türkiyə Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alacaq

Türkiyə Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alacaq

Türkiyə 2024-cü ilin sonunadək Azərbaycandan əlavə təbii qaz həcmləri alacaq.
Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib.
Onun sözlərinə görə, Türkiyə qlobal enerji təchizatı böhranı dövrünü heç bir problem olmadan keçəcək.
"Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olan və Bakı-Tbilisi-Ərzurum xətti ilə gələn əlavə olaraq 11 mlrd. kubmetr təbii qaz ticarəti müqaviləsi imzalanıb", - nazir qeyd edib.
Xatırladaq ki, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində ("Şahdəniz-1"” layihəsi çərçivəsində qazın nəqli üzrə müqavilə 2001-ci ildə əldə edilib və onun müddəti bu ilin aprelin 16-da bitib. Müqavilənin müddətinin bitməsindən sonra "Şahdəniz-1" çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli dayandırılmışdı. Lakın sonradan tərəflər müqavilənin 3 il müddətinə, yəni 2024-cü ilin sonunadək uzadılması barəsində razılığa gəldilər. Yeni müqavilə ilə Türkiyəyə ildə 3,5 mlrd. kubmetr qaz (bundan əvvəl ildə 6,6 mlrd. kubmetr idi - red.) çatdırılacaq.
Bununla yanaşı, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi ("Şahdəniz-2") çərçivəsində də Türkiyəyə Trans-Anadolu kəməri ilə ildə 6 mlrd. kubmetr qazın ixracı da həyata keçiriləcək.
Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr (Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə – red.) qazın nəqli nəzərdə tutulub.
"Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.