• 29 Mart 2024
logo
Türkiyədə "Daş Təpələr: Karahan təpə” beynəlxalq konfransının təqdimat simpoziumu keçirilir

Türkiyədə "Daş Təpələr: Karahan təpə” beynəlxalq konfransının təqdimat simpoziumu keçirilir

Türkiyənin Şanlıurfa şəhərində "Daş Təpələr: Karahan təpə” 2023-cü ildə keçirilməsi nəzərdə tutulan dünya neolit dövrünə həsr edilmiş beynəlxalq konfransın təqdimat simpoziumu keçirilir.
APA-nın Şanlıurfaya ezam edilən müxbirinin məlumatına görə, simpoziumda ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqaliya, Almaniya və, Azərbaycan da daxil olmaqla dünyanın 27 ölkəsindən 80-ə yaxın jurnalist iştirak edir.
Tədbirdə qeyd edilib ki, simpoziumun məqsədi Şanlıurfada yerləşən "Daş Təpələr" adlandırılan tarixi məkanın dünyaya tanıdılmasıdır.
Simpoziumda çıxış edən Türkiyənin Mədəni Sərvətlər və Muzeylər qurumunun baş direktoru Gökhan Yazqı bildirib ki, 12 min illik tarixə malik "Daş Təpələr" ərazisi tarixin sıfır nöqtəsi, başlanğıcı hesab edilən qədim yaşayış məskənlərindən biridir: "Bu ərazi UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınıb. Həmin ərazidə aparılan arxeoloji qazıntılar qədim insanların yaşayışı ilə əlaqədar yeni fikirlərin meydana çıxmasına səbəb olub. "Daş Təpələrdə" aparılan qazıntılar zamanı çəkisi 40 tona qədər olan sütunların sözügedən əraziyə necə gəldiyi əsas müzakirə mövzularından biridir".
G.Yazqı deyib ki, bu bölgə hər hansı yaşayış məskəninə yaxın deyil və insanın əsas ehtiyacı olan su qaynaqlarından uzaqda yerləşir: "Bu səbəbdən niyə məhz bu ərazinin yaşayış üçün seçilməsi əsas suallardan biridir. Ərazi 1963-cü ildə kəşf edilib, lakin ilk qazıntılar 1995-ci başlayıb. Arxeoloqların ilkin ehtimalına görə, qazıntılarda aşkarlanan tikililər qədim insanların ibadət yeri olub. Neolit dövründə "Daş Təpələr" insanların cənazə rituallarını icra etdikləri yer olub".
İstanbul Universitetinin professoru Mehmet Özdoğan isə deyib ki, Göbəklitəpədə araşdırmalar aparılana qədər Anadolunun Neolit dövrü üçün o qədər da vacib bölgə olmadığını düşünürdü: "Ancaq burada aparılan araşdırmaların dünya sivilizasiyana töhfəsini yeni anlamağa başlamışıq. Aparılan arxeoloji qazıntılar bu ərazinin neolit dövrü üçün böyük əhəmiyyətə malik olduğunu, dünya tarixində əhəmiyyətli yer tutduğunu sübut edib. "Daş təpələr”də yaşayan insanların dini inanclarının formalaşması, onların əkinçilik bacarıqlarının əldə edilməsindən öncəki dövrə təsadüf edir. Bu araşdırmalara qədər bu fikrin tam əksi hesab edilirdi".
Professor deyib ki, araşdırmalar Göbəklitəpədə tikinti mədəniyyətinin yüksək səviyyədə olduğunu da göstərir: "Hətta araşdırmalar zamanı bu tikintilərdə drenaj sistemindən istifadə olunduğu üzə çıxıb. Əvvəllər düşünürdük ki, insanlar bir yerdə əkinçiliklə məşğul olduqdan sonra o yerə yerləşməyə başlayırlar. Ancaq bu araşdırmalar bizə göstərdi ki, insanlar çoxlu qida tapdıqları yerlərdən getmirdilər. Məsələn, su, balıq tapdıqdan sonra, eyni zamanda bu yerə gəldikdə çoxlu sürü halında heyvanların yaşadıqlarını gördükdən sonra əkinçiliklə məşğul olmadan burada məskunlaşıblar. Onda da artıq burada yaşamağa, eyni zamanda aralarında rəqabət qurmağa başlayıblar, məsələn, “ən yaxşı memar mən olmalıyam”, “ən yaxşı sənətkar mən olmalıyam” düşüncəli ilə aralarında rəqabət yaratmağa başlayıblar. Bu isə sivilizasiyanın və mədəniyyətin daha da inkişafına səbəb olurdu. Yəni orada kütləvi şəkildə yaşamaq şəkli deyil, yaradıcı mühit modeli görürük. Eyni zamanda, araşdırmalar zamanı o dövrdə evlərin damının daş, kərpic və taxtadan hazırlanması ilə bağlı sübutlar əldə edilib. Bu isə bugünkü memarlığın təməlinin başlanğıcıdır. Bundan əlavə, evlərdə daşıyıcı və köməkçi divarların müasir memarlıq üslubuna uyğun olaraq tikildiyini görürük. Bütün bunlar zamanla şəhərlərin, imperatorluğun, dövlətlərin yaradılması üçün lazım olan sistemin başlanğıcı idi. Araşdırmaların ən həyəcanlı hissələri də budur".
Daha sonra dünyanın bir sıra ölkələrindən tarixçi-alimlər arxeoloji qazıntılar və neolit dövrünə aşkarlanan arxeoloji tapıntılarla bağlı geniş təqdimatla çıxış edib.
Qeyd edək ki, simpozium iki gün davam edəcək. Simpoziumda Türkiyədən, Kanada və İngiltərədən professor heyəti iştirak edir.