• 19 Oktyabr 2021
logo
“Dünya yunanları Türkiyəyə ayaq bağı edib”

“Dünya yunanları Türkiyəyə ayaq bağı edib”

Mustafa Kamal Bəyazbayram: “Cənubi Kiprin yunanları “Allaha şükür” deyib təkliflərimizi qəbul etməlidirlər”

Bizdən uzaq olsa da həmişə ürəyimizdə yaşatdığımız Şimali Kiprdə türk qardaşlarımız var. Dili, dini, tarixi, mədəniyyəti, mərdliyi, mübarizliyi bir olan millət. Noyabrda müstəqilliyinin 38-ci payızını yola salacaq. Türkiyənin dəstəyi ilə Kipr adasında yunanların zülmünə qarşı aparılan mübarizə nəticəsində müstəqil, suverən bir dövlət olan Şimali Kipr türk Cümhuriyyəti dünyanın ikili standartları üzündən bu gün tanınmamaqla yanaşı, sanksiyalara məruz qalıb. Amma bu türk qardaşlarımızı heç də ruhdan salmayıb. Şimali Kipr ayaq üstədir, inkişaf edir, güclənir, qüvvətlənir.
"Xalq Cəbhəsi"nin vüsahibi Şimali Kipr Türk Respublikasının Bakıdakı təmsilçisi Mustafa Kamal Bəyazbayramdır. Hörmətli təmsilçi hər kəsin başa düşəcək bir dildə suallarımızı cavablandırıb.
- 15 noyabrda Şimali Kipr Türk Respublikasının müstəqillik günüdür. Koronavirusun yayıldığı bir şəraitdə bu bayrama necə hazırlaşırsız?
- Şimali Kipr Türk Respublikası 15 noyabr 1983-cü il tarixində yaradılıb. Ölkəmiz 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılıb. Hər il bu bayramı yüksək səviyyədə qeyd edirik. Düzənlədiyimiz dövlət səviyyəli tədbirlərimizdə Azərbaycan da daxil olmaqla dostlarımız iştirak ediblər. Məqsədimiz gənc nəslə müstəqilliyimiz uğrunda apardığımız mübarizəni çatdırmaq, suverenliyimizi qorumağı, yaşatmağı anlatmaqdlr. Son iki ildə dünyada COVİD-19 pandemiyasının yayılması, bunun üzündən sərt məhdudiyyətlərin tətbiqi, iqtisadi böhran hər yerdə olduğu kimi Şimalı Kipr Türk Cümhuriyyətində də bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsini mümkünsüz etdi. Amma buna baxmayaraq, o bayram coşqusunu hər kəsdə yaşadırıq. Pandemiyanın yayılması üzündən Azərbaycanda da bir çox tədbirlər keçirilmir. Biz hər il Şimali Kipr Türk Cümhuriyyətinin müstəqillik bayramını təmsilçiliyi ofisində, ya da digər münasib yerlərdə dar çərçivədə, sevinclə, hörmətlə qeyd edirik. Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, bu il pandemiyanın yayılması səngiyəcək, yəni koronavirusla bağlı xoş xəbərlər eşidəcəyik. Əgər deyilənlər doğru olarsa və Azərbaycan hökuməti geniş tədbirlərin keçirilməsi ilə bağlı qərarlar qəbul edərsə, o zaman Şimali Kipr Türk Cümhuriyyətinin bu il müstəqillik bayramı rəsmi şəkildə yüksək formada keçiriləcək, sərgilər nümayiş etdirəcəyik, bir neçə mədəni tədbirlər də düzənləyəcəyik.
- COVİD-dən söz düşmüşkən, pandemiyanın mövcudluğu Şimali Kipr Türk Cümhuriyyətinin iqtisadiyyatına nə kimi mənfi təsir göstərdi?
- Çox böyük mənfi təsiri oldu. Ölkənin iqtisadiyyatının lokomotiv sektoru turizm, təhsil, yüngül sənaye və kənd təsərrüfatı sahələrdir. Ancaq cümhuriyyət daha çox turizm və təhsil sahəsindən gəlir əldə edir. Koronavirusun mövcudluğu üzündən beynəlxalq aləmdə tətbiq olunan bir çox məhdudiyyətlər Şimali Kipr Türk Cümhuriyyətinin turizm və təhsil sahələrinə ağır zərbə oldu. Çünki bunlar insanlara xidmət göstərən sahələrdir. Bizim ölkə ada ölkəsidir. Təyyarə reysləri təxirə salındı, gəmi ilə gediş- gəlişə məhdudiyyətlər qoyuldu. Bu da turizm sektoruna böyük zərbə oldu. Bundan başqa təhsil onlayn sistemə keçdi. Məktəblər bağlandı, gələn, gedən, qalan, alver edən olmadı, otellər, bazarlar boş qaldı və s. Nəticədə ölkənin bu iki sektordan gəliri azaldı. Eyni zamanda bu digər sektorlara da mənfi təsirini göstərdi. Amma ölkə hökumətinin vaxtında və düzgün qəbul etdiyi qərarlar nəticəsində koronavirus imtahanından üzüağ çıxa bildik. Digər ölkələrlə müqayisədə Şimali Kipr Türk Cümhuriyyətində koronavirusa yoluxma və ölüm sayı azdır. Bu müddət ərzində məhdudiyyətlər çərçivəsində ehtiyacı olan vətəndaşlarımıza hökumətimiz, bələdiyyələrimiz tərəfindən yardımlar edildi. Heç bir vətəndaşımıza çətinlik, korluq çəkdiyini ona hiss etdirmədik. Bundan başqa Türkiyənin dəstəyi ilə iqtisadiyyatı ayaq üstə saxlamağa bacardıq. Artıq çətin günləri geridə qoyduq,..
- Müəyən səbəblər üzündən iqtisadiyyat, nəqliyyat və idman kimi bir çox aparıcı sahələrdə tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatına necə təsir göstərir?
- Ən böyük problemlərimizdən biri Şimali Kipr Türk Cümhuriyyətinin tanınmaması üzərindən bizə tətbiq olunan sanksiyalardır. Bu sanksiyalar bütün - iqtisadiyyat, təhsil, sənaye, idman, ticarət əlaqələri və s. sahələrdə bizi problemlərlə üz-üzə qoydu. Bir misal çəkim, dövlət səviyyəsində Şimali Kipr Türk Cümhuriyyətinin turizm potensialı ilə tanışlıq məqsədilə xaricdən turizm sahəsində çalışan mütəxəssisləri dəvət etdik. Gəlib bizim ölkəni gəzdilər, gördülər... Heyran qaldılar ki, bu vaxtadək belə bir zəngin, qiymətlərdə ucuz, amma yüksək səviyyəli xidmət göstərilən bir ölkədən xəbərsiz olublar. Danışdıq, razılaşdıq, qiymətləndirmənin sonunda dedilər ki, bura bir cənnət olsa da birbaşa uçuş reysləri olmadığından gəlib-getmək çətinlik yaradacaq. Onu da deyim ki, bu məsələdə Belorusiyadan olan bir turizm sahəsinin mütəxəssisi mənə söylədi ki, gün yarıma Minskdən İstanbula, oradan da Şimali Kipr Türk Cümhuriyyətinə gəlib. Geri dönərkən yenə gün yarıma vaxtını yola sərf edib. Yəni Şimali Kipr Türk Cümhuriyyətinin turizmlə bağlı qiymətlərin aşağı, xidmətin yüksək səviyyədə olmasına baxmayaraq, 7 günlük turpaketin 3 gününü ancaq yollarda xərcləyib. Amma deyək ki, Minskdən Antaliyaya birbaşa reys var. Təyyarəyə minər tez bir zamanda olar Antalyada və vaxtının çox hissəsini də istirahətdə keçirər. Deməyim odur ki, ölkəmizə tətbiq olunan sanksiyalar üzündən birbaşa uçuş reysləri olmadığından turist axınının qəbulunda da problemlərlə üzləşirik. Hansısa bir malın idxal və ixraacatında da birbaşa uçuşlar olmadığından çətinliklər yaşayırıq. Ölkəmizə məhsullar ya Türkiyə, ya da Avropa üzərindən Türkiyəy vasitəsilə daxil olur. İdxal etdiyimiz mallar da eyni şəkildə. İdman və elm, təhsil sahəsində də vəziyyət sanksiyaların tətbiqi üzündən ürəkaçan deyil. Beynəlxalq idman yarışlarına buraxılmırıq ki, tanınmırıq. Hansı ki, Şimali Kipr Türk Cümhuriyyətində elə güclü, potensiallı idmançılar var ki, yarışlara qatılarlarsda, böyük uğurlar, rekordlar imza ata bilərlər. Avropada elm sahəsində tanınan kiprli türklər çoxdur, hər biri elm sahəsində böyük nailiyyətlərinə görə tanınıb. Ancaq çox təəssüflər olsun ki, bizə tətbiq olunan sanksiyalar üzündən onların elmi potensiallarından istifadə edə bilmirik.
- Şimali Kipr Türk Cümhuriyyəti İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir. Bu postlarda təmsilçilik ölkənin digər beynəlxalq təşkilatlarla əməkdaşlığına hansı sahədə köməklik göstərə bilər?
- Dünyanın bizə qarşı olan səbəbsiz sanksiyalarına, ədalətsiz mövqe tutmağına baxmayaraq Şimali Kipr Türk Cümhuriyyəti bir sıra beynəlxalq təşkilatlarda təmsil olunmaq hüququndan xaric edilib. Bizim əsas məqsədimiz heç də kiminsə qoltuğunun altına sığınmaq yox, həmin təşkilatlarda təmsil olunmaqla ölkəmizin tanınmasına nail olmaq, insan hüquq və azadlıqlarının qorunmasını dünya ictimaiyyətinə çatdırmaqdır. İslam Əməkdaşlıq Təşkilatının alt komitələrində təmsil olunuruq və onların bütün toplantılarında aktiv iştirak edirik. Biz orada üzləşdiyimiz çətinlikləri, beynəlxalq güclərin bizə qarşı ədalətsiz və məntiqsiz münasibətindən, eyni zamanda ölkəmizin inkişafından, vətəndaşlarımızın yaşam tərzindən bəhs edirik. 21-ci əsrdə insan hüquq və azadlıqlarının qorunmasından, demokratiyadan danışan Avropa bu gün Şimali Kipr Türk Cümhuriyyətinə sanksiyalar tətbiq edir, respublika kimi tanımaqdan imtina edib. Təmsil olunduğumuz hər yerdə bunun cavabını soruşuruq. Bundan başqa biz İqtisadi Əməkdaşlıq Təşkilatında da müşahidəçiyik. Bu təşkilatın bəzi toplantılarının ölkəmizdə keçirilməsində israrlıyıq. Turizmlə bağlı bir forumu Türkiyənin dəstəyi ilə respublikamızda gerçəkləşdirdik. Amma bu yetərli deyil. Çünki, fikrimcə, əgər biz İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində iştirak ediriksə, nədən türk dövlətlərinin birliyinə üzv olmamalıyıq. Düzdür, bu o qədər də asan deyil, yəni bir dövlətin səsi ilə həll olunacaq məsələ deyil. Burada Türkiyə, Azərbaycan, Qazaxıstan da var. Hər bir ölkənin öz milli və regional maraqlarını, problemlərini də nnəzərə alırıq. Bu üzdən onların ata bilmədikləri addımları da anlayışla qəbul edirik. Zatən bizim hər hansı bir beynəlxalq birlikdə üzv olmağımızın heç bir ajiotaj yaratmayacağı da ortada. Sadəcə, tanınmasaq da həmin təşkilatların toplantılarında iştirak etmək, fikir söyləmək, təklif vermək hüququnu əldə etmək istərdik.
- Şimali Kipr dünyəvi dövlətdir və bütün din nümayəndələrinə azadlıq təqdim olunur. Ölkədə tolerantlıqla bağlı fikirlərinizi almaq istərdim.
- Avropanın dediyi insan haqlarının, dini etiqad azadlığının qorunması, söz və fikir plüralizmin inkişaf etdirilməsi və qorunması prinsipləri Şimali Kipr Türk Cümhuriyyətində var. Ölkəmizdə təkcə kiprli türklər, türklər yaşamırlar, ən çox milli azlıq ingilislər, daha sonra ruslar, almanlar, yunanlar və maronitlərdir. Hamısının da hüquqları qanunla qorunur. Bizim ölkədə bir vətəndaş digər vətəndaş və ya xaricidən üstün tutulmur. Hamısı bərabərdir. Sərbəst və təhlükəsiz öz dini, milli inanclarını qoruyub saxlayır, inkişaf etdirirlər. İngilislərin öz kilsələri, ibadət yerləri var. Rusların, yunanların ortodoks, manoritlətin katolik kilsələri var. Bundan başqa 1974-cü ildən sonra yunanların Şimalda qalan ortodoks kilsələri dövlətimiz tərəfindən qorunub saxlanılıb və əlamətdar günlərdə, bayramlarda Cənubi Kiprdə qalan yunanların ora gəlib ibadət etmələrinə izn verib, şərait yaradırıq. Məlum savaş nəticəsində tərəfimizdə qalan yunanlara məxsus zərər görmüş mədəni, tarixi abidələr yenidən bərpa olunub və qorunub. Ölkəmizdə yaşayan milliyyətindən, dinindən, irqindən asılı olmayan hər kəs azaddır. İstədikləri, bildikləri dildə danışmaq hüququna malikdir. Ölkəmizdə rus və ingilis dilli məktəblər var, hətta Kipr türklərinin uşaqları belə ingilis dilli məktəblərdə dərs alırlar. Xarici vətəndaşlar da öz övladlarını kolleclərimizə təhsil almağa qoyurlar, türk dilini öyrənirlər. Elə ingilis uşaqlar var ki, bizim kimi türk dilini bilir və sərbəst danışırlar. Hətta müəyyən şərt və qaydalar çərçivəsində türk vətəndaşlığını alanlar da var. Ancaq Cənubi Kiprdə yunanlar irqçilik siyasəti yürüdürlər. Ora gedən türkləri aşağılaylrlar, təhqir edirlər, sataşırlar, maşınlarını belə cızırlar. Hətta orada qalan türk tarixi abidələr, məscidlərə boyalarla təhqiramiz ifadələr yazırlar. Bizim ölkədə isə heç vaxt belə hallar olmayıb. Biz hər bir insana, vətəndaşa dəyər veririk, bu bizim tarixən insanlığımızdan, humanizmliyimizdən irəli gəlir.
- Şimali Kipr Türk Respublikasının qurulması daha çox Yunanıstan və antitürk dövlətlərin mənfi reaksiyalarına səbəb olub. Bunlar da münaqişənin həllinə maneələr törədir…
- 50 ildir ki, bu məsələni çözmək üçün yunanlarla görüşmələrdə olmuşuq. Bütün görüşlərdə biz məntiqli, arqumentli sülh təklifləriylə çıxışlar etmişik, eyni zamanda sakit, səbrli, səmimi bir mövqe nümayiş etdirmişik. Amma bunun qarşılığını görməmişik. Kipr yunanları bizimlə heç nəyi bölüşmək istəmirlər. 2004-cü ildə BMT-nin o vaxtkı baş katibi Kofi Annan tərəfindən irəli sürülmüş təklifə yunanları etiraz etdi. Keçirilən referendumda Şimali Kipr Türk Cümhuriyyəti türklərinin 65 faizi “hə” dedi, yunanların 76 faizi isə “yox” dedi. Kipr yunanları sülh istəmirlər. Avropa və ya digər super güclərə yalandan biz regionda türklərlə sülh şəraitində yaşamaq, əməkdaşlıq etmək istəyirik deyirlər. Amma bizim haqlarımızı ortaq çıxaraq dünya tərəfindən tanınmaqla bütün yardımlara əl qoyublar. Biz referenduma “hə” deməklə heç bir ajiotaj yaratmadıq, amma yunanlar “yox” deməklə onları Avropa Birliyinə aldılar, bizi kənarda saxladılar. Bütün yardımları alırlar, platformalarda təmsil olurlar. Bu yaxınlarda prezidentlərin Cenevrədə görüşü oldu. BMT Baş katibi dedi ki, tərəflərin uzlaşma biləcəyi hər hansı durumu təsviq etmədim və konfransı bağlayıb Nyu Yorka çıxıb getdi. Bizimkilər də geri döndülər. Bu da onu deməyə əsas verir ki, yunanlar barış üçün heç bir addım atmaq istəmirlər. O zaman biz də belə bir fikir söylədik, əgər bizimlə sülh danışıqlarına gedilmirsə, iki suveren ölkə adada qonşu olmaq, bir-biri ilə bütün sahələrdə əməkdaşlıq etmək məcburiyyətində qalacaq. Ölkələrin bir-birini sevməyə heç ehtiyac yox, qonşu ölkələr olmaqla bir-birimizin haqqını tanıyaq, bir-birimizə sayğı göstərək, işbirliyində olaq, bir-birimizdən faydalanaq. Bu daha çox Kipr yunanlarına xeyir gətirəcək, çünki adada güclü, inkişaf edən tərəf türklərdir. Daha bir missal çəkim, 2019-cu ildə Şimali Kipr Türk Respublikasının sabiq prezidenti Mustafa Akıncının Kipr adası ətrafındakı karbohidrogen yataqlarının tədqiqatı və istismarına aid təklif etdiyi yeni əməkdaşlıq layihəsi BMT vasitəsilə yunan Kiprinə təqdim olunub. Qəbul etmədilər, kənara itələdilər. İqtisadi əməkdaşlıqda da maraqlı deyillər. Yunanıstan və Kiprin yunan tərəfi iqtisadi cəhətdən çöküb, inkişaf yoxdur. Bütün sahələrdə zəifdirlər. Bizim bu təkliflərimiz ikiəlli səs verib, Allaha şükür etməlidirlər. Çıxılmaz vəziyyətə düşmələrinə baxmayaraq, yunanların özlərindən razı, hamıya yuxarıdan aşağıya baxan bir xarakterləri var. Avropa və digər qüvvələr də bundan Türkiyəyə qarşı, regionda bəzi iş birliklərinin önləməsi, problem yaratması üçün ayaq bağı ediblər.
- Nəzərdə tutduğunuz üçncü qüvvələr hansı ölkələr ola bilər?
- Məsələn, Almaniya Avropa Birliyi çərçivəsində yunanlardan Türkiyəyə qarşı istifadə edə bilər. İngiltərə Orta Şərq siyasətində, ABŞ qlobal siyasəti çərçivədə yunanlardan Rusiyaya, Türkiyəyə qarşı ayaq bağı edə bilər. Yunanlar oturub məntiqlə, ağılla düşünüb hərəkət etmirlər, xəyallarının izindədirlər. Nə Yunanıstan, nə də Kiprin yunan tərəfi müstəqil siyasət yürüdə bilmirlər, kənar qüvvələrdən asılıdırlar. Niyə? Çünki Almaniya, Avropa Birliyinə dünya qədər borcu var. O zaman Almaniyanın sözündən çıxa bilməz ki. Düzdür, dünya dövlətləri bəzi məsələ və sahələrdə bir-birindən asılıdır. Amma daha çox borcun varsa, asılılığın da o qədər olur.
- Şimali Kipr Türk Cümhuriyyətinin digər dövlətlər tərəfindən də tanınmağa tam haqqı var. Çünki, 1970-ci illərin əvvələrində yunanların qətliamlarına məhz türklər məruz qalıblar. Türkiyə də adadakı türklərin taleyinə biganə qalmayaraq və adanın təminatı statusundan istifadə edərək adada silahlı qüvvələrini yerləşdirib. O zaman sual yaranır - dünyanın Türkiyəyə, türklərə qarşı ikili standartlardan çıxış etməsinin arxasında nələr dayanır?
- BMT nizamnaməsinə uyğun olaraq hər bir ölkənin idarəetmə hüququ var, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətinin. Federasiya, konfederasiya formatında yaşayan xalqlar var. Çexoslovakiya, Yuqoslaviya Federativ, İsveçrə konfederasiondur. Biri var məcburən ayrılmaq, biri var könüllü, sivil anlaşma çərçivəsində. Heç bir xalq digər xalqın basqısı, zülmü altında yaşaya bilməz. 1960-cı ildə yaradılan dövlətdə iki xalq yaşadı, 1963-cü ilə yunanlar silah gücünə bizi idarəetmədən kənarlaşdırdılar. Bizə dedilər ki, bura yunan dövlətidir, parlament və digər idarəetmə sistemindən bizi sildilər. Məcbur qalıb öz avtonom idarəetmə sistemimizi qurduq. İqtisadi sanksiyalara, soyqırımlara məruz qaldıq. 1963-cü ildə türklərə qarşı bir soyqırım siyasəti həyata keçirdilər, uşaqları belə güllələdilər, toylarımıza basqın etdilər, türkləri öldürdülər, ibadət vaxtı məscidlərimizi yandırdılar. Ermənilərin sizə etdiklərini, yunanlar bizə qarşı etdilər. 1974-cü ildə adanın şimal-şərq hissəsinə Türkiyə qoşunları yeridilməsi nəticəsində biz oradan ayrıldıq. O vaxtdan bunu yunanlar həzm edə bilmirlər. O vaxtdan bu vaxtadək yunanlar sülh haqqında fikirləşmir və barış üçün irəli sürülən bütün təklifləri rədd edirlər. Ötən həftədə Yunanıstan prezidenti belə bir fikir söylədi ki, hər şeyi unudub 1960-cı il anlaşmasına dönək. Məntiqlə demək istəyir ki, yenidən türklərə qarşı soyqırım siyasəti həyata keçirək. Bilirsiz, beynəlxaq hüququn olduğu deyilsə də güclü dövlətlərdə bu işlənmir. Supergüclərin öz şəxsi, regional maraqlarından çıxış edərək Kipr məsələsində Türkiyəyə qarşı kart kimi istifadə edir. Baxın, Kosovanı zorla Serbiyada ayırıb, tanıdılar. Amma biz savaş, öz müqəddaratımız uğrunda apardığımız mübarizə nəticəsində ayrılmışıq, bizi tanımırlar.
- Burada bir Türkiyə faktoru, güc amili var…
- Doğrudur. Türkiyə bölgədə gücləndikcə ona basqılar artır. Onun yolunu kəsmək, əngəlləmək üçün yunanları siyasətin içinə atıblar. Ölkələrarası münasibətlərdə dost, qardaşlıq deyilən anlayış yoxdur. Maraqları uyuşan və uyuşmayan ölkələr var. Bu gün Yunanıstanla maraqları uyuşmayan ölkələr, sabah Türkiyə zəif olacağı təqdirdə onun yanında olacaqlar. Bu gün Türkiyə regionda böyük güc, nüfuz və söz sahibidir deyə ona qarşı yönəlik var. Türkiyə super dövlətlərlə bir masa arxasında oturub. ABŞ, Rusiya, Almaniya, Fransa, İngiltərə Türkiyə ilə razılaşmaq məcburiyyətində qalıb. Çin, Yaponiya, İtaliya və digər dövlətlər orada yoxdurlar, Yunanıstanın özünü o masaya yaxınlaşmağa belə qoymazlar. Ona görə də bu gün Türkiyənin gücü onu gözə götürməyənlərin sayını artırır. Amma bu gün internet əsridir, kimin kim olduğu yaxşı bilinir. 1950-ci illərdə ABŞ və ya Rusiya haqqında pis fikirlər formalaşdırmaq olardı. Məsələn rusların təhlükəli, amerikalıların adamyeyən olduğunu demək və bunu hamıya inandırmaq olardı. Bu gün isə bunu anlatmaq, inandırmaq çətindir. Çünki internet, informasiya əsridir, bütün sərhədlər açıqdır, dünya ölkələrinin bir-biri ilə əlaqələri mövcuddur. Şimali Kiprlə Cənubi Kipr arasında sərhədlər açıqdır, maneəsiz gediş, gəliş var. Bizim ölkəyə gələn xarici vətəndaş gözəlliyi, rahatlığı görür, yüksək xidmətdən razı qalır. Son illər Türkiyə iş adamlarının səyi nəticəsində Şimali Kiprdə yeni, rahat, möhtəşəm otellər, əyləncə mərkəzləri tikilib istifadəyə verilib. Dəniz sahillərimiz başdan-başa qumluqdur, ölkəmizdə əsl cənnət yaradılıb. Təbii ki, bura gələn heyranlıqla razı gedər. Bizdən Yunan Kiprinə gedən xarici vətəndaş orada qonaqpərvərlik görmür, komfort heç nə tapa bilmir. Yunanların təhdidinə, məzəmmətinə məruz qalır. Yəni yunan indi o xarici vətəndaşa türklərin pis bir millət olduğunu deyə bilməz. Adam gözüylə hər şeyi görüb.
- Prezident Ersin Tatar Azərbaycanın Qarabağ zəfəri ilə bağlı bu ölkəyə nə zaman səfər edəcək?
- Ersin Tatar Azərbaycanı sevən, 44 günlük müharibədə Azərbaycana və azərbaycanlı qardaşlarımıza mənəvi dəstək olan prezidentdir. Həmişə Azərbaycanın yanında olduğu və zəfərinə sevinən mesajlar verib. Tatar xalqının içindən çıxan və yanında olan sadə bir dövlət başçısıdır. O özünü bizim birimiz sayır, xeyirə, şərdə yanımızda yer alan biridir. Yəni prezidentəm deyib, xalqdan aralı duran biri deyil. Tatar Azərbaycana gəlməyə hazırdır. Zatən iki ölkə arasında rəsmi səfərlər olur. Məsələn, bu yaxınlarda Milli Məclisin üzvləri Kiprdə olublar. Ersin Tatarın da Azərbaycana səfəri rəsmi dəvət əsasında olmalıdır. Prezident Azərbaycana turist kimi gələ bilməz. Qarşı tərəfin istəyi, hansısa beynəlxalq və ya ölkələr arası tədbirə dəvət əsasında səfər baş tuta bilər. Məsələn, 2006-cı ildə Dünya Azərbaycanlılarının ikinci qurultayında Kiprin sabiq prezidenti Mehmet Əli Tələt iştirak etmiş və Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyev və Ərdoğanla bir masa arxasında oturmuşlar,nahar etmiş, xalqlara mesaj vermişlər. Yəni şərt deyil ki, Prezident səviyyəli bir rəsmi dəvə olsun, belə bir platformalı görüşdə də bir araya gəlmək olar. İnşallah belə bir görüşün Tatarın iştirakı ilə olacağına inanıram. Hər zaman ürəyimiz Azərbaycanın yanında, qapılarımız azərbaycanlıların üzünə açıqdır. Sizin sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Qarabağda çalınan zəfərin səsi bizdə də duyuldu, sevindik. Qarabağın azad edilməsi İslam coğrafiyasında bir tarixdir. Geriləyən islamda ilk zəfər Türkiyənin 1974-cü ildə Kiprdəki zəfəri, ikinci qələbə isə Qarabağın azad edilməsidir. Bu sıradan bir zəfər deyil, müsəlman aləmində tarixin önəmli bir səhifəsidir.
- O zaman bir millət iki dövlət deyiminə Şimali Kiprin timsalınmda üçüncü dövləti də əlavə etmək olar…
- Tamamilə düzdür. Masamın üzərində (əli ilə göstərir) üç ölkənin - Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin bayraqlarını qoymuşam. Biz indi bir millət üç dövlətik.

Cavid