• 29 Mart 2024
logo
"Milyonlarla insanın həyatı təhlükədədir" - Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

"Milyonlarla insanın həyatı təhlükədədir" - Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

Urmu şəhərindən İran parlamentinə seçilmiş, İslami Şura Məclisinin Milli Təhlükəsizlik Komissiyasının başçısı Vəhid Cəlalzadə Urmu gölü ilə bağlı İran prezidenti İbrahim Rəisiyə məktub ünvanlayıb.
Məktubda bildirib:
“Ölkənin üzük qaşı olan Urmu gölünün durumu yaxşı deyil. Bölgədə yaşayan milyonlarla insanın həyatı və məişəti bu göllə bağlıdır.
Urmu gölünün bərpasına laqeyd yanaşmaq bölgədə ekoloji faciə, bitki örtüyünün məhvi və ekosistemin dəyişməsinə gətirib çıxaracaq.
Gölün quruması nəticəsində meydana gələn milyonlarla ton duzun nəticəsində geniş səviyyədə əkin torpaqlarının məhv olmasına və milyonlarla yerli əhalinin məcburi köç etməsinə səbəb olacaq.
Bunu nəzərə almaq lazımdır ki, bizim bölgəmizdə quraqlıqdan daha çox su qaynaqlarından yanlış idarəetmə daha çox problem yaradır".
Millət vəkili prezidentdən məzələni diqqətdə saxlamağını istəyib:
"Sizdən azərbaycanlıların ən vacib istəyi olan, seçki öncəsi gölün bərpası ilə bağlı verdiyiniz vədləri yerinə yetirməyinizi, Urmu Gölünün Bərpa Mərkəzinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, bərpa işləri üçün ayrılan vəsaitin necə və hara xərclənməsinin ciddi şəkildə izlənməsi barədə göstəriş verməyinizi istəyirik.
Qərbi Azərbaycan əhalisinə 13-cü hökumət dövründə gölün bərpa olunacağı ilə bağlı verdiyiniz sözlərin yerinə yetiriləcəyinə ümid edirik.
Sizdən Enerji, Kənd Təsərrüfatı, Daxili İşlər nazirləri, Ətraf Mühit Təşkilatı, Urmu gölü su hövzəsi əyalətlərinin valiləri və millət vəkillərinin iştirakı ilə bir komitənin yaradılmasını, problemin gecikdirilmədən həlli üçün qəti addımların atılmasını istəyirik”.
Qeyd edək ki, İbrahim Rəisi seçkiqabağı təşviqat kampaniyası zamanı Qərbi Azərbaycan əyalətinə səfər edərək azərbaycanlılara səslənərək öncəki prezidentlər kimi Urmu gölünün bərpası barədə vədlər verib.
İ.Rəisi deyib ki, Urmu gölünün bərpası planı onun başçılıq edəcəyi 13-cü hökumətin əsas layihələrindən biri olacaq.
Gölün bərpası barədə deyilənlərin bu günə kimi reallaşmadığını vurğulayan namizəd ciddi addımların atılmasını zəruri sayıb.
"Urmu gölünün bərpası şou göstərmək üçün deyil. Bunun üçün real addımlar atılmalı, tədbirlər görülməlidir”-deyə, o, Həsən Ruhani komandasına replika atıb.
İbrahim Rəisi Urmu gölünü ölkənin ən dəyərli sərvətlərindən biri adlandırıb.
"Ölkədə iddia olunduğu kimi su qıtlığı yoxdur. Problem mövcud su qaynaqlarının düzgün idarə edilməməsindədir"-deyə, İ.Rəisi bildirib.
Xatırladaq ki, ötən seçkilərdə Həsən Ruhani seçicilərə bir sıra vədlər vermişdi.
Urmu gölünün bərpası, türk dilində təhsil layihəsinin reallaşdırılması və türk dili akademiyasının qurulması Həsən Ruhaninin 8 il öncə prezident seçkiləri ərəfəsində Azərbaycan türklərinə verdiyi əsas vədlərdən idi.
Lakin iki dövr prezident kürsüsünə oturan Həsən Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilmədi.
Gunaz.tv