• 26 Aprel 2024
logo
“Traxtur" azərbaycanlıların sosial mədəniyyətinin bir parçasıdır”-Deputat kluba olan laqeyd münasibəti qınadı

“Traxtur" azərbaycanlıların sosial mədəniyyətinin bir parçasıdır”-Deputat kluba olan laqeyd münasibəti qınadı

Təbriz, Tufarqan və Üskünün İran parlamentindəki nümayəndəsi Əlirza Munadi “Traxtur" futbol klubunun üzləşdiyi böhranlı durumdan danışıb.
O, İdman və Gənclər Nazirliyi və digər əlaqədar qurumların problemin həlli ilə bağlı təcili tədbirlər görməyə borclu olduqlarını deyib.
“"Traxtur" Asiyanın ən çox tərəfdarı olan futbol komandasıdır. O, azərbaycanlıların sosial mədəniyyət və kimliyinin bir parçasına çevrilib. Komandanın üzləşdiyi böhranın aradan qaldırılması ilə bağlı təcili addımlar atılmalıdır”-deyə, Əlirza Munadi bildirib.
Millət vəkili Asiya Çempionlar Liqası oyunlarına az bir zaman qalmasına baxmayaraq, “Traxtur" klubunun çətinliklərinin aradan qaldırılmamasından təəssüfləndiyini bildirib.
“Klubun rəhbərliyinə bacarıqlı, təcrübəli şəxslər cəlb olunmalı, məsələlərin həlli üçün ölkə və əyalət səviyyəsində addımlar atılmalıdır”-deyə, Əlirza Munadi sənaye və ticarət müəssisələrinin klubun borclarının ödənilməsi üçün yardım etməli olduqlarını söyləyib.
Qeyd edək ki, son vaxtlar "Traxtur" klubu böhranlı günlərini yaşayır. Əsas oyunçular komandadan ayrılıb və rəhbərliyin idarəçiliyinin yarıtmazlığını bildirən İdarə Heyəti ilə klubun sahibi arasında ixtilaflar ortaya çıxıb.
Hal-hazırda böhran yaşayan klubun 338 milyard tümən borcu var. Buna görə hər hansı özəl və dövlət qurumu kluba hamiliyi öhdəsinə götürməkdən imtina edir.
Gunaz.tv