UNESCO-nun mütəxəssisləri Həmədan əyalətinin Tuyserkan şəhərində yerləşən tarixi Fərsfəc karvansaranı ziyarət edəcəklər.
Bu barədə Həmədan əyalətinin Tuyserkan şəhərinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının rəhbəri İshaq Türkaşvənd məlumat verib.
İshaq Türkaşvənd mətbuata açıqlamasında sentyabrın ikinci yarısında UNESCO-nun mütəxəssisləri və tarixi abidələri qiymətləndirmə qrupunun üzvlərinin Şah Abbas dövrünə aid tarixi Fərsfəc karvansaranı ziyarət edəcəklərini deyib.
Onun dediyinə görə, bu kompleks beynəlxalq qeydiyyat üçün sənədləri UNESCO-ya göndərilən 56 karvansaradan biridir.
“UNESCO mütəxəssisləri ötən ay karvansaraya baxış keçirəcəkdilər. Koronavirusun 5-ci dalğasının başlanması bunun ertələnməsinə səbəb oldu. 4 min kvadrat metr sahədə Səfəvilər dövründə tikilən Fərsfəc karvansara 1997-ci ildə, 1970 qeydiyyat nömrəsi ilə milli əsərlər siyahısına salınıb”-deyə, İshaq Türkaşvənd bildirib.
Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının rəhbəri deyib ki, Fərsfəc karvansara ölkə üzrə ən yaxşı abidələrdən biridir və yaxın gələcəkdə onun özəl sektorun ixtiyarına verilməsi nəzərdə tutulur.
“Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı ilə Tarixi Abidələrin Qoruma və Bərpa Fondu karvansarayın qorunub saxlanılması üçün özəl sektora verilməsinin tərəfdarıdır. Ancaq bu günə kimi təkliflərimiz cavabsız qalmışdı”-deyə, İshaq Türkaşvənd bundan sonra tarixi abidənin özəl sektora veriləcəyini açıqlayıb.
Qeyd edək ki, bundan öncə də Güney Azərbaycanın bir sıra bölgələrində yerləşən tarixi abidə və tikililər özəl sektora təhvil verilib.
Bu abidələrin qorunması və təmiri üçün büdcədən vəsait ayrılmadığı üçün onlar özəl şirkətlərə verilir və təmirdən sonra tikililərdən hotel, restoran və sair xidmət sektorunda istifadə olunur.
Gunaz.tv