• 1 İyul 2025
logo
Əlirza Fərşinin həyatı təhlükə qarşısında: Milli fəalın saxlanıldığı həbsxanada koronavirus yayılıb

Əlirza Fərşinin həyatı təhlükə qarşısında: Milli fəalın saxlanıldığı həbsxanada koronavirus yayılıb

Güneyli mədəni fəal Əlirza Fərşinin həyatı təhlükə qarşısındadır. Onun saxlanıldığı “Böyük Tehran həbsxanası”nda koronavirus yayılıb. Ən azı 10 məhbusun koronavirusa yoluxduğu bildirilir.
Bundan iki ay öncə də Ə. Fərşinin kamera yoldaşlarından biri koronavirusa yoluxduğu üçün xəstəxanaya köçürülmüş, mədəni fəalın həyatı ilə bağlı narahatlıqlar artmışdı.
İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Əlirza Fərşinin saxlanıldığı həbsxanada məhbuslar bir çox problemlərdən əziyyət çəkirlər.
Əlirza Fərşi göz və şəkərli diabetdən əziyyət çəkir. Saxlanıldığı həbsxanada bir çox ibtidai imkanlar, o cümlədən içməli su, səhiyyə xidmətləri və normal qida çatışmazlığı onun durumunu dahada ağırlaşdırır.
Bununla yanaşı məhbusların cinayətlərinə görə ayrılması prinsipinə əməl olunmaması, həbsxananın tutumundan artıq məhbusla doldurulduğu əlavə çətinliklərin yaranmasına səbəb olub.
Hal-hazırda Fərşinin yerləşdirildiyi bölmədə 50 məhbusun quru yerdə yatdığı qeyd olunur.
“İçməli suyun keyfiyyəti çox aşağıdır, qida çatışmazlığı hakimdir. Məhbuslar su və qida məhsullarını pulla alıb və həbsxananın yalnız 1 ocağı olan 6-cı salonunun mətbəxində bişirmək məcburiyyətindədirlər”-deyə, məhbuslardan birinin ailəsi məlumat verib.
Xatırladaq ki, hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.
Ə.Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətinə iki illik sürgün cəzasına məhkum edilmişdi.
Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.
31 mart 2021-ci il tarixində o yenidən mühakimə olunaraq İslam Cəza Qanununun 610-cu maddəsinə istinadən “ölkə təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 6 ay, eyni qanunun 500-cü maddəsinə istinadən “sistemə qarşı təbliğat” ittihamı ilə 8 ay həbs cəzasına məhkum olunub.
Bununla yanaşı məhkəmə "keçmişdə cinayət törətdiyinə" görə onu 2 il müddətinə ictimai fəaliyyətlərdən, partiya və qruplara üzv olmaqdan məhrum edib.
Onun haqqında 2 ay hər gün 4 saat olmaqla Tehran bələdiyyəsində icbari işə cəlb olunmaqla bağlı qərar çıxarılıb.
Gunaz.tv