Türkiyə Əfqanıstandan bir qaçqın belə qəbul edə bilməyəcək.
Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.
“Türkiyə qaçqın düşərgəsi deyil. Artıq Əfqanıstandan bir qaçqın belə qəbul etmək imkanımız yoxdur. Türkiyə müstəqil qərar verə biləcək bir ölkədir. Biz sərhədlərimizə hakim bir ölkəyik”, - deyə Çelik jurnalistlərə açıqlamasında vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Tayyib Ərdoğan Əfqanıstandakı böhranın hərtərəfli həllinin tərəfdarıdır.
“O, müntəzəm beynəlxalq diplomatiya aparır – Əfqanıstandakı vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə, Almaniya Kansleri Angela Merkellə müzakirə edib. Biz “Taliban”ın nəzarətinə keçən Əfqanıstanda insan haqları mövzusunu yaxından izləyirik. Əfqan xalqını tək buraxmaq olmaz, orada hazırda həqiqi dram yaşanır”, - Çelik belə deyib.