• 21 Yanvar 2022
logo
Milli dirənişin simvolu Abbas Lisaninin doğum günüdür

Milli dirənişin simvolu Abbas Lisaninin doğum günüdür

Bu gün Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biri Abbas Lisaninin doğum günüdür.
Azərbaycanlıların tapdalanmış hüquqlarının təmin olunması ilə bağlı 30 illik fəaliyyəti göstərir ki, A.Lisaninin fəaliyyəti mədəni hərəkata söykənir.
Fədakar hərəkatçı olan A.Lisaninin milli fəaliyyəti onu Güney Azərbaycanın müqavimət simvollarından birinə çevirib. Milli fəaliyyəti eyni zamanda onu demokratiya və insan haqları əleyhdarlarının hədəfinə gətirib.
Abbas Lisani İran Məhkəmə Sisteminin qeyri-insani qərarlarına etiraz edib, uzunmüddətli aclıq aksiyaları keçirməsi, mədəni toplantılara çağırıb.
Müxtəlif aksiyalara rəhbərlik etməsi, məhkəmələrdə tərcüməçi tələb edərək türk dilində danışması İran məhkəməsinin ona ağır həbs cəza verməsində əhəmiyyətli rol oynayıb.
Abbas bəyin tanınmış musiqi ustadı Həsən Dəmirçinin dəfn mərasimindəki məşhur çıxışı molla rejiminin qəzəbinə səbəb olmuşdu.
“Şübhəsiz ki, bu dəfə Azərbaycan əbədi azadlıq yolunda addımlayacaq və onun övladları çiyin-çiyinə bu yolda lazim olan bütün bədəlləri ödəməyə hazır olacaqlar”-deyə, o, çıxışında bildirmişdi.
Xatırladaq ki, Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxıb. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olub.
Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.
Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.
Abbas Lisani quraşdırılan son cinayət işi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesinin Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirib.
Gunaz.tv