• 12 İyul 2025
logo
Zəngan əyalətində içməli su qıtlığı davam edir

Zəngan əyalətində içməli su qıtlığı davam edir

Zəngan əyalətində içməli su qıtlığı davam edir.
Məsulların vədlərinə baxmayaraq zəngan əyalətinin 3 min nəfər əhalisi olan Armağanxana şəhərinin içməli su problemi həll olunmamış qalır. Üç həftə bundan öncə əlaqədar qurumlar su çatışmazlığının bir-iki gün içində həll olunacağına söz vermişdilər.
Armağanxana əhalisinin dediyinə görə, son 3 həftə ərzində şəhərə yalnız yalnız bir saat içməli su verilib.
Zəngan əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Davud Rüstəmxani bir neçə gün bundan öncə hal-hazırda əyalətdə 120 kəndin içməli su problemindən əziyyət çəkdiyini, 30 kəndə səyyar tankerlər vasitəsilə su verildiyini bildirmişdi.
D.Rüstəmxani yaxın günlərdə su çatışmazlığının aradan qaldırılacağına söz versə də bu günə kimi məsələ həll olunmamış qalır.
Armağanxananın Şəhər Şurasının üzvü Hüseyn Əfşari “Tasnım” xəbər agentliyinə verdiyi müsahibədə əlaqədar məsulların laqeydliyindən gileylənib.
“Uzun müddətdir ki Armağanxanada içməli su qıtlığı yaşanır, son həftələr isə bu böhran həddinə çatıb.
Məsələ ilə bağlı hər gün əlaqədar qurumlarla əlaqə saxlamağımıza baxmayaraq nəticə əldə edə bilməmişik. Su və Kanalizasiya Şirkəti problemin həlli ilə bağlı qətiyyət göstərmir.
İstəsələr Qaraçeriyan artizan su quyusu vasitəsilə Armağanxananın içməli su problemini həll edə bilərlər”-deyə, şəhər şurasının üzvü bildirib.
Su və Kanalizasiya Şirkətinin başçısı son açıqlamasında içməli su təsisatında və boru xətlərində heç bir problemin olmadığını, yaxın günlərdə suyun veriləcəyini bildirib. Ancaq Su və Kanalizasiya Şirkətinin ictimaiyyətlə əlaqələr bölməsinin məsulu başçının dediklərinin əksini söyləyib.
Mustafa Əkrəmi bildirib ki, nasos və boru xətlərində problemlərin olduğuna və vəsait çatışmazlığına görə içməli suyun verilməsində uzun müddətli kəsinti yaranıb.
Şəhər şurasının üzvü Hüseyn Əfşari həftələrdir davam edən bu açıqlamaların heç birinin Armağanxana əhalisinin suya olan tələbatının təmininə müsbət təsie göstərmədini qeyd edib.
Gunaz.tv