• 27 Yanvar 2022
logo
Milli fəalın qanunsuz həbsindən 1 ay ötür: Əkbər Nəimi kimdir?

Milli fəalın qanunsuz həbsindən 1 ay ötür: Əkbər Nəimi kimdir? - DOSYE

Milli fəal Əkbər Nəiminin qanunsuz həbsindən 1 ay ötür. Hazırda Tehranın Evin həbsxanasında 9 il 8 aylıq həbs cəzasını çəkən milli fəalın qısa tərcümeyi-halını təqdim edirik.
29 avqust 1983-cü ildə Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində dünyaya gələn Əkbər ailənin kiçik övladıdır. Onun özündən böyük iki bacısı və bir qardaşı var. Ə.Nəimi ilk və orta təhsilini mexanika təsisatları üzrə bitirdikdən sonra Azad İslam Universitetinin Xoy bölməsinə daxil olub və 2010-cu ildə Universiteti bitirib.
O, 2012-ci ilə qədər Xoy, Xana və Üşnü şəhərlərinin qaz təchizatı şəbəkəsinin nəzarətçisi kimi çalışıb.
Əkbər Nəimi bundan sonra təxəssüsünə və ingilis dilini yaxşı bildiyinə görə, “Homa Hava Yolları” imtahanlarını uğurla başa vuraraq 2012-ci ilin iyul ayından rəsmi olaraq aviasiya üzrə texnik kimi işə qəbul olunub və uçaq sistemlərinin mexaniki bölməsində fəaliyyətə başlayıb.
Mühəndis Ə.Naimi öyrəncilik illərində “Evrin” qeyri-hökumət birliyinin mərkəzi şurasının, məzun olduqdan sonra isə “Günəbaxan” dərnəyinin qurucu heyətinin və mərkəzi şurasının üzvü kimi fəaliyyət göstərib.
O, müxtəlif kino və kitab təhlili toplantılarında, türk dili kurslarının təşkilində, Günəbaxan festivalı və Evrin dağı yürüılərində aktiv iştirak edib.
İran parlamentində təmsil olunan nümayəndələrlə görüşlər keçirib və Azərbaycanın siyasi, ictimai vəbaşqa problemlərini onların diqqətinə çatdırıb. Milli fəaliyyətinə görə qurucularından olduğu “Günəbaxan” və “Evrin” dərnəkləri hökumət tərəfindən qapadılıb.
Əkbər Nəimi İran parlamentində türk millət vəkilləri fraksiyası ilə bağlı aparıcı fəallarından biri olub. O, 2013-cü ilin 21 fevralında Tehranın Baharistan şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə əsas çxışçılardan biri olub və bu onun barəsində açılan cinayət işində əsas ittihamlardan biri kimi qeyd olunub.
Nəimi öyrənci nəşrləri və dərnəkləri ilə sıx əməkdaşlıq edib, sosial mediada fəal çalışıb və insan haqları sahəsində fəaliyyət göstərib.
22 yanvar 2020-ci ildə Tehranın “Tehransər” məntəqəsində yerləşən mənzilindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Mənzilində axtarış aparılıb və barəsində iki ay qəti həbs imkan tədbiri seçilib. O, bu müddət ərzində istintaq təcridxanasının 209 saylı bölməsinin təkadamlıq kamerasında saxlanıldıqdan və dindirildikdən sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
ETTELAAT idarəsi ona qarşı təzyiqləri artırıb və işdən çıxarılmasına səbəb olub.
Nəhayət Əkbər Nəimi iyulun 19-da Təbriz şəhərində saxlanılaraq Tehranın “Evin” həbsxanasına aparılıb.
Güneyli milli fəalın "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının lehinə təbliğat aparmaq" ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay, toplam 9 il 8 ay həbs cəzasına məhkum edilib.
Həmçinin onun 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.
Məhkəmənin verdiyi qəribə qərarda milli fəaldan "millətçilik təbliğatı aparmaqla parçalamaq və müstəmləkə" siyasəti mövzusunda 90 səhifəlik bir araşdırma yazısı hazırlaması istənilib.
Bu hökm Tehranın Apellyasiya Məhkəməsinin 36 saylı şöbəsində təsdiqlənib.
Milli fəal 19 iyul 20201-ci ildə Təbrizdə Apellyasiya Məhkəməsinin qərarı bildirilmədən və vəkillərinə xəbər verilmədən məhkəmə məmurları tərəfindən saxlanılıb. O, Tehrana aparılaraq “Evin” həbsxanasına salınıb və hal-hazırda 9 il 8 aylıq məhkumluq cəzasını çəkir.
Gunaz.tv