• 7 İyul 2025
logo
İran hökumətindən absurd qərar: Urmu gölünün bərpası gənc tələbəyə tapışırılıb

İran hökumətindən absurd qərar: Urmu gölünün bərpası gənc tələbəyə tapışırılıb

Urmu gölünün bərpası layihəsinin icrası tehranlı gənc tələbəyə həvalə edilib.
Bu barədə Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Mərkəzinin Tədqiqat və Tədris Bölməsinin rəhbəri Əhməd Bayburdi məlumat verib.
O, hökumətin bu istiqamətdəki fəaliyyətini yarıtmaz hesab edib, bərpa layihəsinin tehranlı öyrənciyə tapışırılmasını Azərbaycana təhqir sayıb.
Bayburdi “İSNA” xəbər agentliyinə verdiyi müsahibədə İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı İsa Kələntərini qınayıb.
O, bildirib ki, Təbriz və Urmu Universitetlərində sahə ilə bağlı yüksək səviyyəli mütəxəssislər olsa da, İsa Kələntərinin Şərif Texnologiya Universitetindən bir tələbənin seçilməsi Azərbaycan ali məktəblərində çalışan alimlərə sayğısızlıqdır.
Ə.Bayburdi bərpa layihəsi prosesində külli miqdarda maliyyə yeyintisinə yol verildiyini və israfçılıq edildiyini bildirib. Onun sözlərinə görə, bu məsələdə ciddi araşdırmaya ehtiyac var.
Urmu Gölünün Bərpası Mərkəzinin başçısı Məsud Təcrişi tehranlıdır və oda gölün bərpası üçün nəzərdə tutulan 8 layihəni tehranlı bir tələbəyə tapışırıb.
Bundan öncə Urmu şəhərinin İran parlamentindəki keçmiş nümayəndəsi Nadir Qazipur Urmu gölünün bərpası üçün ayrılan vəsaitin başqa layihələrə xərcləndiyi barədə açıqlamalar vermişdi.
N.Qazipur dəfələrlə Bərpa Mərkəzinin ofisinin Urmu şəhərinə köçürülməsini təklif edib. Lakin bu təklif qəbul olunmayıb.
İki həftə öncə İran parlamentinin Ətraf Mühit Fraksiyasının üzvü Süməyyə Rəfii Urmu gölünün bərpası üçün ayrılan vəsaitlər barədə ciddi şübhələrin olduğunu qeyd edib.
Qeyd edək ki, Urmu gölünün bərpası Həsən Ruhaninin prezident seçkiləri ərəfəsində azərbaycanlılara verdiyi bir neçə vəddən biri idi. Onun 8 illik prezidentlik dövrünün başa çatmasından sonra gölün ümumi durumu acınacaqlı olaraq qalır.
Avqustun 11-ə olan məlumata görə, Urmu gölünün su səviyyəsi 1270.89 sm, sahəsi isə 2528.00 kvadrat kilometrdir.
Göldə 3 milyard 430 milyon kubmetr su mövcuddur. Ötən ilin oxşar dövrü ilə müqayisədə Urmu gölünün su səviyyəsi 54 sm, uzun müddətli dövrlə müqayisədə isə 3 metr 64 sm azalıb.
Gunaz.tv