• 27 Yanvar 2022
logo
“Bu günə qədər Əfqanıstana ordu göndərən heç bir ölkənin Türkiyə qədər rıçaqları olmayıb”

“Bu günə qədər Əfqanıstana ordu göndərən heç bir ölkənin Türkiyə qədər rıçaqları olmayıb”

Kənan Rövşənoğlu: “Ankaranın Əfqanıstanda daha ciddi və təsirli rol alması mümkündür”

“Vaşinqtonda anlayırlar ki, Əfqanıstanda təkcə Talibanla deyil, böyük bir gizli koalisuya ilə qarşı-qarşıyadırlar”

“Əfqanıstanda nə baş verənlərə vətəndaş müharibəsi də demək olar. Taliban 2001-ci ildə itirdiyi mövqeləri Beynəlxalq koaliasiya qüvvələrinin çıxması ilə yaranan boşluqdan istifadə edərək geri almağa çalışır. Təxminən 1 aydan sonra Amerika ordusu və müttəfiqləri Əfqanıstanı tamamilə tərk edəcək. Ancaq artıq Taliban Əfqanıstanın 34 vilayətindən 5-nə tamamən nəzarət edir, vilayət mərkəzlərini ələ keçirib. Gedişat onu götərir ki, bu rəqəm artacaq. 1996-cı ildə də belə idi, Taliban Əfqanıstanı tədricən ələ keçirdi”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində araşdırmaçı yazar Kənan Rövşənoğlu deyib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirməyə çalşıb.
-Hadisələrin görünən tərəfi budur. Əfqanıstanda hər zaman xalq müqaviməti güclü olub. 1980-ci illərdə isə müsəlman aləmində gedən proseslərin təsiri ilə Taliban, yəni islamçı-şəriətçi silahlı müqavimət təşkilatı yaranıb. Yəni Taliban Əfqanıstan üçün gözlənilməz bir təşkilat deyil. Əfqanıstanda hətta ABŞ işğalından sonra belə İslam Respublikası quruldu. Yəni islamçılıq yad bir düşüncə deyildi, amma Talibanın daha mütəşəkkil, qətiyyətli, daha xalq yönümlü olması ona olan dəstəyi artırır.
Hadisələrin pərdəarxası o qədər də mürəkkəb deyil. Hazırki Əfqanıstan hakimiyyəti Amerika ilə yaxındır, ya da başqa sözlə Vaşinqtonun təsiri altındadır. Buna görə də ABŞ-ın regional rəqibləri, başqa sözlə Vaşinqtonun Əfqanıstandan getməsini istəyən ölkə və qüvvələr Talibana gizli dəstək verir. Yəni başqa sözlə, bu bir mandat müharibəsidir. Eyni proses sovet işğalı zamanı da vardı. Onda da ABŞ islamçı müqavimət qrupları da daxil olmaqla sovetlərə qarşı vuruşan Əfqanıstan silahlı müqavimətini dəstəkləyirdi. Tək ABŞ deyil, bütün dünya. İndi isə eyni proses ABŞ-a qarşıdır. Amma beynəlxaql ictimai rəydən ehtiyat etdikləri üçün rəqibləri gizli şəkildə Talibana dəstək verir.
- Amerika-Türkiyə münasibətləri, eyni zamanda Rusiya və Çinin bölgədə maraqları kontekstində prosesləri necə analiz etmək olar?
-Əfqanıstan qədimdən Şərqdən Qərbə, Şimaldan Cənuba və əks istiqamətdə yolların kəsişdiyi məkan olub. Makdedoniyalı İskəndər, romalılar, monqollar, Əmir Teymur, Nadir Şah və son iki əsrdə ingilislər, ruslar Əfqanıstana bu məqsədlə ordu göndərib. Əgər Britaniya üçün 19-cu əsrdə Əfqanıstan Orta Asiyaya çıxış idisə, ruslar üçün cənuba - Hind okeanına çıxış idi. İndi də Əfqanıstan əvvəlki mahiyyətdə tam olmasa da, qovşaq əhəmiyyətini saxlayır. SSRİ 1979-cu ildə Əfqanıstana hücum edib, amma SSRİ 1945-ci ildə Salanq tunelini layihələndirib, 50-ci illərdə isə inşa edib. Yəni Əfqanıstana "enmək" sovetlərin daha əvvəl planında olub. Yuxarıda da qeyd etdiyim kimi, rəqibləri ABŞ-ın Əfqanıstandan çıxmasını istəyir. Böyüyən Çin Əfqanıstanı özünün "qərb qapısı" hesab edir. Əlbəttə, Çin, yaxud da İran və ya Rusiya Amerikanın Əfqanıstanda qalmasını istəmir. Yeri gəlmişkən, 1979-cu ildə sovetlər Əfqanıstana ordu yeridəndə mücahidlərə ilk dəstəyi ABŞ-dan da əvvəl Çin vermişdi.
Türkiyə isə Əfqanıstanda nisbətə yeni oyunçudur. Daha əvvəl NATO çətiri altında ABŞ-ın müttəfiqi kimi Əfqanıstanda olub. İndi də formal olaraq bu missiya qalır. Amma Türkiyə həm də mədəni, etnik, dini və sair səbəblərə görə Əfqanıstanda daha geniş fəaliyyət dairəsi cızmağa çalışır.
-Taliban ölkənin böyük hissəsini nəzarətə götürüb və bu proses talibanın lehinə davam edir. Bu günlərdə isə Amerika talibanın mövqelərini bombalayıb...Nəticə nə olacaq?
-Əlbəttə, 2020-ci ildə fevralın 29-da ABŞ Talibanla masada anlaşsa da, indi qoyub getdiyi Əfqanıstanın yenidən Talibanın əlinə keçməsini istəmir. Çünki bu 20 illik bir hərəkatın fiaskosu olardı. ABŞ tarixində ən uzun hərbi kampaniya Əfqanıstan olub. Və əgər amerikalılar getdikdən sonra Taliban yenidən Əfqanıstanı ələ keçirəcəksə, bu o deməkdir ki, ABŞ-ın missiyası iflasa uğrayıb.
Əlbəttə, Taliban indi 20 il əvvəlki olmaya bilər, şərtlər, şərait dəyişib. Amma prinsiplər, ideologiya öz yerindədir.
Mümkündür ki, Talibanın sürətli hücumunu dayandırmaq üçün ABŞ Əfqanıstan hakimiyyətinə daha geniş hərbi dəstək versin. Amma bu nə qədər effektli olacaq, onu demək çətindir. Çünki Vaşinqtonda da anlayırlar ki, Əfqanıstanda tək Taliban deyil, böyük bir gizli koalisiya ilə qarşı-qarşıyadırlar.
İndi amerikalılar və ümumiyyətlə, Əfqanıstanın siyasi gələcəyi üçün ən optimal variant Talibanla mərkəzi əfqan hökumətinin siyasi razılaşmaya getməsidir. Amma bunun üçün Talibanın ciddi müavimətlə üzləşib, dayandırılması lazımdır. Çünki sürətlə qələbə qazanan qruplaşma indi danışığa o qədər də həvəsli deyil.
-Türkiyə niyə Əfqanıstanda qaldı və qardaş ölkənin maraqları nədən ibarətdir?
-Türkiyə böyüyən ölkədir, regional siyasətdə günü-gündən daha da aktivləşir. Təbii ki, Əfqanıstanda baş verənlər Türkiyəyə də təsir edir. Müsəlman ölkə olmaqla yanaşı, Əfqanıstanda böyük bir türk etnik qrupu var. Özbəklər, türkmənlər, hazarlar və sair. Bu da başqa bir məsuliyyət yaradır. Üstəlik Türkiyənin müsəlman ölkəsi olaraq Əfqanıstanda daha müsbət imici var və Türkiyə qüvvələri, rəsmi Ankara diplomatik olaraq Əfqanıstanda barışdırıcı olmaq üçün daha uyğundur. Yəni Ankaranın Əfqanıstanda daha ciddi və təsirli rol alması mümkündür. Ankara düşünür ki, Türkiyədə siyasi sülhə nail olmaq üçün dəstək verə bilər. Və eyni zamanda Əfqanıstanda siaysi proseslərin əsas yön verəni ola bilər. Nəzərə almaq lazımdır ki, bu günə qədər Əfqanıstana ordu göndərən heç bir ölkənin Türkiyə qədər rıçaqları olmayıb. Təbii olaraq Türkiyə bu rıçaqlardan istifadə etmək, həm Əfqanıstanda sülhə və sabitliyə nail olmaq, həm də ölkə kimi siyasi təsir dairəsini genişləndirmək misisyasını həyata keçirə bilər.
-Bəs Türkiyənin burada mövcudluğu Ankara üçün hansı risklər yaradır?
-Risk yuxarıda qeyd etdiyim kəsişən maraqlardır. Əfqanstanda çox ölkə “var”. Yəni həm Taliban, həm hökumət, həm də digər silahlı qruplar üzərində xarici ölkələrin təsiri mövcuddur. Suriyada da bu prosesi gördük, burada da kənar qüvvələrin əli ilə vəziyyət daha da gərginləşdirilir. Yəni Taliban, yaxud da digər qüvvələr üzərində Türkiyə ilə rəqib olan və ya ən azı Ankaranın Əfqanıstanda güclənməsini istəməyən ölkələrin təsiri altında olan qruplar var və onlar əlbəttə Ankaranın dominantlığına qarşı müqavimət göstərəcəklər.
-Pakistan Talibanla yaxındır. Belə olan halda Türkiyə Pakistan münasibətlərində hansısa problem yarana bilərmi? Bundan başqa Türkiyə ilə Taliban arasında gizli danışıqlar mümkündürmü?
-Pakistan və Qətərin Taliban üzərində ciddi təsiri var. Ankaranı Əfqanıstana cəlb edən əsas faktorlardan biri də budur. Amma son zamanlar Pakistanda bəzi siyasi islamçı hərəkatların reaksiyaları göstərir ki, münasibət heç də birmənalı olamayacaq. Lakin ümumi olaraq Pakistan hökuməti Türkiyə ilə Əfqanıstan məsələsində əməkdaşlıq edəcək, deyə düşünürəm. Burda maneə Çin amili ola bilər.
Əlbəttə, gizli danışıq mümkündür, bəlkə də artıq aparılır. Çünki Əfqanıstanda indi siyasi sabitlik və sülh üçün Talibanla danışıqlar qaçılmazdır.
-Əfqanıstan mənşəli qaçqınlar kütləvi şəkildə Türkiyəyə axışır. Bu da maraq doğurmaya bilməz, nədən məhz Türkiyə?
-Əfqanıstan əhalisi artıq 40 ildən çoxdur, ilk sövet işğalı günlərindən dünyaya səpələnib. İndi isə Talibanın hücumunun aktivləşməsi sonrası əfqanıstanlı qaçqınların miqrasiyası sürətlənib. Türkiyə Əfqanıstan vətəndaşları üçün Avropaya qapıdır. Çünki Orta Asiya Avropaya çıxış üçün çox risklidir. Nisbətən daha rahat yol Türkiyədir. Əfqanıstanlılar sərhəddən İrana və İrandan da Türkiyəyə keçir. Ordan isə artıq Avropa başlayır. Bu məsələnin digər tərəfi isə yuxarıda sadaladığım etnik və dini amillərə görə, Türkiyənin əfqanıstanlılar üçün uyğun ölkə olmasıdır. Onlar özlərini Türkiyədə daha rahat hiss edir, eyni zamanda buradan Avropaya keçid edə bilirlər.
-Bütün dünyada müzakirə olunan başqa bir məsələ də var. Təbii ki, Əfqanıstan müəyyən qüvvələrin maraq dairəsindədir və maraqların burada toqquşması problemlərə yol açır. Amma ölkənin bu duruma düşməsinin məsuliyyətini Əfqanıstanın daxilində kim daşıyır?
-2001-ci il oktyabr ayında ABŞ ordusu Əfqanıstana zərbələr endirib və Talibana son qoyub. Ancaq bu gün daha güclü Taliban geri dönüb və bunun qarşılığında 20 il ərzində Əfqanıstanda güclü dövlət və ordu qurmaq ümmkün olmayıb. Halbuki 20 il az vaxt deyildi. Yəni hazırkı vəziyyətdə əsas məsuliyyət Əfqanıstan xalqı, onun siyasətçiləri, ziyalıları daşıyır. Dərinə hopan korrupsiya, siosial, məişət səviyyəsində ədalətsizlik baş alıb gedir. Talibanı güclü edən də onun hökumət məmurları ilə nisbətdə korrupsiyadan uzaq olmasıdır. Amerikanın ötən 20 ildə Əfqanıstanın quruculuğu üçün xərclədiyi 140 milyard dollar vəsaitin böyük hissəsi oğurlanıb.

Əli Zülfüqaroğlu