• 3 İyul 2022
logo
İranda türk adlarına qadağa mövzusunda sənədli film çəkilib

İranda türk adlarına qadağa mövzusunda sənədli film çəkilib - VİDEO

Güney Azərbaycanın tanınmış rejissoru Məhəmməd Əlimuradi İranda türk adlarına qadağa qoyulması mövzusunda qısametrajlı sənədli film çəkib. O, bu barədə özünün "instaqram" hesabında paylaşım edib. M.Əlimuradinin "Adım" adlı yeni sənədli filmində üç azərbaycanlı ailənin övladlarına qoymaq istədikləri türk adları, buna qarşı məhdudiyyətlər və ailələrin dirənişi təsvir olunub. "Məsələyə yeni və fərqli bir prizmadan yanaşmaq istəmişəm. Bizə tanış olan bu əssasız qadağalar İranda uşaqlara ilk yaşlarından tətbiq olunur və onlara dünyaya gələndən dərhal sonra diktə edilmiş mədəniyyət və kimliyin acısını dadızdırır"-deyə, Məhəmməd Əlimuradi özünün sosial şəbəkə hesabında yazıb. Məhəmməd Əlimuradi İranda türk adlarına və ümumlikdə qeyri-farslara qarşı ayrı-seçkilikdən gileylənərək yazır: "Çox güman ki, tənqidi mövzuda olduğu üçün bu filmə də yayım icazəsi verilməyəcək. Bu üzdən özümün şəxsi sosial media hesabımda filmin treylerini təqdim etmək qərarına gəldim. Ümid edirəm ki, bu vasitə ilə xalqımız türk adları mövzusunda misilsiz dirənişin bir parçası ilə tanış olacaqlar. Bu gün İranda qeyri-fars dillərinə və adlara qarşı məhdudiyyətlər mövcuddur. Mədəniyyət, dil və kimlik mövzusunda totalitar münasibətin ağır basqısı hiss olunur. Həsən Ruhani hökuməti bu məhdudiyyətlərin aradan qaldırılması, etnik, dil, mədəniyyət və ana dilində təhsil hüquqları barədə vədlər vermişdi. Lakin 8 il bu sahədə heç bir addım atılmadı. Ümid edirəm ki, yeni hökumətin dövründə bu sahədə hansısa addımlar atılacaq və qeyri-fars mədəniyyətinə və dillərinə hakim münasibət dəyişəcək". Qeyd edək ki, gənc və istedadlı rejissor Məhəmməd Əlimuradi bundan öncə Güney Azərbaycanda ekoloji problemlər, İranda türk dili və mədəniyyəti məsələləri və Azərbaycanın tarixi abidələri barədə bir neçə sənədli filmin müəllifidir. Onun bir çox filmlərinə tənqidi yanaşmasına görə yayın üçün icazəsi verilməyib. Rejissor yayınına icazə verilməyən filmlərini sosial media vasitəsilə yayınlayır. Gunaz.tv