• 24 Yanvar 2022
logo
Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

Ərdəbil əyalətində su qıtlığı və quraqlıq kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurub. Kəndlərdə və şəhərlərdə əhalinin içməli su təminatında da ciddi problemlər yaranıb.
İçməli su çatışmazlığı və şəhərlərdə verilən suyun keyfiyyətsizliyi məsulları da bunu etiraf etməyə məcbur edib.
Ərdəbil əyalətinin məsullarının bildirdiyinə görə, əyalət səviyyəsində ən azı 400 kənddə içməli su çatışmazlığı mövcuddur. Bununla yanaşı şəhərlərdə də içməli suyun keyfiyyətsizliyi və fasilələrlə verilməsi ərdəbilliləri narazı salıb.
Ərdəbil əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Nemət Sultani də “İRNA” xəbər agentliyinə verdiyi müsahibədə bu problemdən bəhs edib.
O, başçılıq etdiyi şirkətin 30 şəhər və 991 kənddə bu sahəyə nəzarət etdiyini, onlardan 400 kəndin içməli su problemi ilə üz-üzə qaldıqlarını deyib.
“Kəndlərlə yanaşı şəhərlərdə də düzgün idarəetmə olmasa su qıtlığı ciddi məsələyə çevriləcək”-deyə, o, xəbərdarlıq edib.
Nemət Sultani hazırda əyalətdə təxminən 300 min nəfərin su qıtlığından əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, onların içməli su təminatı Su və Kanalizasiya Şirkətinə məxsus 12, köçərilərin istifadəsi üçün nəzərdə tutulmuş 2 və icarəyə götürülmüş 4 səyyar su tankeri vasitəsilə həyata keçirilir.
"Əhalinin su problemi ilə bağlı narazılıqlarını başa düşürük, ancaq bunun həlli üçün 540 milyard tümən vəsaitin parlament tərəfindən təsdiq olunmasını və ayrılmasına ehtiyac var”-Nemət Sultani belə deyib.
O, problemi həll etmək üçün vəsaitin olmadığını vurğulayıb.
Qeyd edək ki, problem təkcə içməli suyun qıtlığı ilə bağlı deyil. Son günlər sosial mediada yayılan xəbərlərdən əhaliyə verilən suyun keyfiyyətsiz olduğu aydın olur.
Videolardan filtrdən keçirilmədiyi üçün əhaliyə verilən suyun keyfiyyətsiz və bulanıq olduğu görünür.
Əlaqədar məsullar isə buna laqeyd münasibət sərgiləyib.
"İçməli suyun sağlamlığı və təmizliyi ilə bağlı heç bir problemlər yoxdur”-deyə, yetkililər bildirib.
Gunaz.tv