• 13 Fevral 2025
logo
Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

Amerika və Avropada fəaliyyət göstərən 14 elm və mədəniyyət təşkilatı Güney azərbaycanlı alim Əhməd Rza Cəlali barədə Qərb ölkələri və dünya ictimaiyyətinə çağırış edib.
Çağırışda edama məhkum olunmuş iranlı-isveçli alimin sağlıq durumunun ağır olduğu bildirilir. Qeyd olunur ki, İbrahim Rəisinin İran prezidenti seçilməsi Güney azərbaycanlı alimin edamının icrası ehtimalını gücləndirib.
“Cəlali beş ildir ki, barəsində çıxarılan qərardan apellyasiya şikayəti verə bilmir, işgəncə və qəddar davranışlara məruz qalıb, müxtəlif xəstəliklərdən əziyyət çəkir və həbsxanada müayinə, müalicə imkanlarından məhrum olduğu üçün həyatı təhlükədədir”-deyə, çağırışda qeyd olunub.
Beynəlxalq elm və mədəniyyət təşkilatları Əhməd Rza Cəlalinin ailəsi və vəkili ilə əlaqə saxlamaq imkanının olmadığını, ailəsinin alimin durumu barədə yalnız mətbuat vasitəsilə məlumat əldə etdiyini bildirib.
Bəyanatda qeyd olunur ki, 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına kimi tədqiqatçı edam hökmünə hazırlıq öncəsi təkadanlıq kamerada saxlanılıb və o 5 ay müddətində ölüm qorxusu altında psixi və mənəvi işgəncələrə məruz qalıb.
İki həftə öncə Avropa Parlamenti qəbul etdiyi qətnamədə əslən güneyli alim, professor Əhməd Rza Cəlali və İranda həbsdə olan başqa avropalıların dərhal azad olunmalarını tələb edib.
Qətnamədə Güney azərbaycanlı alimin barəsində çıxarılan edam hökmünün ləğv olunması, onun azadlığa buraxılması ilə yanaşı başqa iranlı-avropalı məhbusların da sərbəst buraxılması qəti şəkildə tələb edilir.
Eyni zamanda Avropa Şurasından bu şəxslərin saxlanılmasında əli olan və qərar verən İran səlahiyyətlilərinin cəzalandırılması tələb olunur.
Qeyd edək ki, professor Əhməd Rza Cəlali Brüsselin Azad Universitetinin təcili tibbi yardım üzrə mütəxəssisi və Şərqi Piemonte Universitetinin professorudur.
İkili vətəndaşlığı olan (İran-İsveç) Əhməd Rza Cəlali əslən Güney Azərbaycanın Sarab mahalındandır. 2016-cı ildə Tehran Universitetinin dəvəti ilə İrana gedən alim təhlükəsizlik orqanları tərəfindən saxlanılıb və “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbs edilib.
Əhməd Rza Cəlalidən işgəncə altında casusluq barədə məcburi etiraf alınıb, o, 2018-ci ilin oktyabr ayında ədalətsiz bir məhkəmə qərarı ilə edama məhkum olunub. Həmin ilin iyun ayının 17-də isə onun barəsində çıxarılan edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Əldə olunan məlumatlara görə, məhkəmədə Əhməd Rza Cəlalinin təqsirini sübut edən heç bir dəlil təqdim edilməyib və mühakimə yalnız öncədən hazırlanmış mətndən oxuduğu məcburi etiraflara əsaslanıb.
2020-ci ilin 24 noyabrdında İran İslami İnqilab Məhkəməsi Əhməd Rza Cəlalinin edam qabağı hazırlıq üçün təkadamlıq kameraya köçürüldüyü barədə məlumat yayıb.
Ancaq bir neçə ay təkadamlıq kamerada edam qorxusu altında saxlanıldıqdan sonra alim yenidən həbsxananın ümumi bölməsinə köçürülüb.
Gunaz.tv