• 18 Fevral 2025
logo
Zəngandakı su anbarlarına axan suyun həcmi kəskin azalıb

Zəngandakı su anbarlarına axan suyun həcmi kəskin azalıb

Cari ildə Zəngan əyalətinin su bəndlərinə axan suyun həcmi 65% azalıb. Bu barədə Zəngan əyalətinin Regional Su Şirkətinin başçısı İsmayıl Əfşari məlumat verib.
İsmayıl Əfşari “İrna” xəbər agentliyinə verdiyi müsahibədə ötən ilin müvafiq dövründə Zənganın su bəndlərinə axan suyun 223 milyon kubmetr olduğunu, bu il bunun 76 milyon kübmetrə qədər azaldığını bildirib.
“Bu il əyalətdəki anbarlarda suyun həcmi 257 milyon kubmetrdir, ancaq ötən bu il 282 milyon kubmetr olmuşdur ki, bu da ötən ilə nisbətdə 25 milyon kubmetr azdır”-deyə, İsmail Əfşari söyləyib.
Regional Su Şirkətinin başçısı bu azalmanın 20 milyon kubmetrinin Zəngan şəhərinin içməli suyunun 40%-ı təmin edən “Təhəm” bəndinə aid olduğunu və bununla da Zənganda içməli su probleminin yaşanacağını qeyd edib.
Əfşari cari ildə “Təhəm” anbarına axan su miqdarının 7.8 milyon kubmetr olduğunu, bunu ötən ildə 26 milyon kubmetrə təşkil etdiyini və bununlada ötən illə müqayisədə 18.2 milyon kubmetr azalmanın qeydə alındığını açıqlayıb.
Ötən həftə Zəngan əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Cüz Qasimi quraqlıq nəticəsində əyalətin daha 170 kəndində içməli su probleminin yaşandığını açıqlayıb.
Quraqlığa Qarşı Mübarizə Mərkəzinin toplantısında çıxışında Əlirza Cüz Qasimi bildirib ki, cari yağış ilində əyalətə 186 milimetr yağıntı düşüb.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 52%, uzun müddətli dövrlə müqayisədə isə 40% azalma deməkdir.
Əlirza Cüz Qasimi deyib ki, son 6 ay ərzində əyalətin çox bölgələrində orta quraqlıq, şiddətli quraqlı və dəhşətli quraqlıq hökm sürüb. 201 kənd daimi və bir sıra kəndlər isə ötəri içməli su problemi yaşayıb.
Başçılıq etdiyi şirkətin əyalətin kəndlərində yaşayan əhalinin 90%-nın su təminatına nəzarət etdiyini qeyd edən Su və Kanalizasiya Şirkətinin başçısı durumun acınacaqlı olduğunu diqqətə çatdırıb.
“Ötən ildən bu günə kimi 100 kənddə içməli su probleminin həllinə çalışmağımıza baxmayaraq, yenə də 170 kəndin içməli su problemini həll etmək mümkün olmayıb”-deyə, o, bildirib.
Bununla yanaşı Zəngan əyalətinin əkin sahələrinin suvarılmasında və içməli su ilə təminatında mühüm rol oynayan, ölkənin ikinci ən uzun çayı olan Qızılüzən çayı qurumaq üzrədir.
“Tarumun çırpınan ürəyi artıq dayanıb”-İran mətbuatı ekoloji fəlakəti bu cür bənzətmə ilə təqdim edib.
Xəbərdə keçmişdə çəltik tarlalarının və ölkənin ən böyük zeytun bağlarının suvarılmasında birinci yer tutan, ancaq son illərdə müxtəlif səbəblərdən dolayı qurumaq üzrə olan Qızılüzən çayının acınacaqlı durumu barədə xəbərdarlıq edilib.
"Mehr" xəbər agentliyinin Zəngan əyalətinin Tarum rayonundan yaydığı videogörüntüdə Qızılüzən çayının tamamilə quruduğu müşahidə edilir. Qızılüzən çayı Tarumda 18 min hektar təsərrüfat və bağın su ehtiyacını təmin etdiyi söylənilir.
Xəbərdə çayın quruması nəticəsində minlərlə əkinçinin müflis olacağı, çox sayda insanın işsiz qalacağı bildirilir.
Gunaz.tv