• 8 Dekabr 2024
logo
BAXCP sədri Türkiyə səfirini təbrik edib

BAXCP sədri Türkiyə səfirini təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahid Bağcıya fəaliyyətə başlaması münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli cənab Səfir,

Sizi Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başlamağınız münasibətilə təbrik edirəm.

Azərbaycan-Türkiyə münasibətləri həm tarixi, həm siyasi, həm də mənəvi cəhətdən müqayisəyə gəlməyən, mənəvi sərhədlərinin ölçüsü uca millətimizin qan yaddaşı qədər olan, ortaq dil, ortaq mədəniyyət kimi möhkəm təməllərə soykənərək daim inkişaf edən münasibətlərdir.

Son bir neçə yüz il ərzində Türkiyə və Azərbaycan türklərini ən müxtəlif ideologiyalar, basqılar, təzyiqlər altında bir-birindən ayırmaq, tarixi köklərindən qoparmaq istəsələr də, mümkün olmayıb. Mənəvi birliyimiz, qardaşlığımız bütün maneələri aşaraq, zamanın ən ağır sınaqlarından şərəflə çıxıb. Babalarımızın damarlarından axan pak qan Çanaqqalada, Gəncədə, Bakıda bir-birinə qovuşaraq İstiqlalımızın rəmzinə çevrilib.

Bu gün Azərbaycan və Türkiyə, bütün Türk Dünyası bəlkə də tarixinin ən önəmli dövrünü yaşayır. Azərbaycanın qardaş Türkiyənin mənəvi-siyasi dəstəyilə 30 ilə yaxın bir müddət ərzində işğal altında olan torpaqlarının əhəmiyyətli hissəsi üzərində suveren hüquqlarını bərpa etməsi, hər iki dövlərin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin yaratdığı möhkəm təməllər üzərindən strateji hədəflərimizə doğru irəliləmək üçün nümayiş eydirilən siyasi iradə və qətiyyət gələcəyə böyük ümidlər yaradır.

Hörmətli Cahid bəy,
Vətəndən Vətənə xoş gəlmisiniz. Sizə fəaliyyətinizdə uğurlar diləyirəm.

Allah bir millətin iki dövlətini və bütün Türk Dünyasını qorusun”.