• 18 Aprel 2024
logo
Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə telefonla danışıb

Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon söhbəti olub.

APA-nın Türkiyə bürosunun Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadla verdiyi xəbərə görə, telefon danışığında Şərqi Aralıq dənizi ətrafındakı vəziyyət və Türkiyə-NATO əlaqələri dəyərləndirilib.

Prezident Ərdoğan söhbət zamanı qeyd edib ki, Türkiyə Şərqi Aralıq dənizi məsələsində gərginliyin azaldılmasının və dialoqun tərəfdarı olduğunu təkcə sözlə deyil, atılmış konkret addımlarla da açıq şəkildə ortaya qoyub.

Türkiyə Prezidenti Yunanıstanın gərginliyi artırmasına və təhriklərinə rəğmən ölkəsinin humanist və soyuqqanlı olduğunu, sağlam mühitdə qonşuluq prinsiplərinə əməl etmənin Yunanıstanın atacağı səmimi addımlardan asılı olduğunu qeyd edib.

NATO-nun Baş katibi Yens Stoltenberqin Şərqi Aralıq dənizi məsələsində irəli sürdüyü konstruktiv səylərin bəyənildiyini deyən Prezident Ərdoğan Şərqi Aralıq dənizi mövzusunda NATO-Türkiyə həmrəyliyinin regional problemin həllinə dəstək verəcəyini bildirib.