• 28 Mart 2024
logo
Türkiyəli diplomat: “Türkiyə ilə Azərbaycanın gücü birliyindədir”

Türkiyəli diplomat: “Türkiyə ilə Azərbaycanın gücü birliyindədir”

“Yunanıstanın Azərbaycana yeni təyin etdiyi fövqəladə və səlahiyyətli səfirinə Azərbaycanın hörmətli Prezidenti cənab İlham Əliyevin söylədiyi fikirlər həm Türkiyə rəsmi dairələrində, həm də xalqda bir daha qürur hissi yaratdı, bu məsələ Türkiyə mətbuatının manşetlərində yer aldı”.

APA-nın yerli bürosuna Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, diplomat Hulusi Kılıç belə bildirib.

Diplomat deyib ki, hazırda Aralıq dənizinin şərq bölgəsində yaşanan gərginlikdə Türkiyə tərəfinin haqlı olduğunu bildirməklə Prezident İlham Əliyev təkcə qardaş Türkiyəyə yox, həm də haqq və ədalətə dəstək verib: “Türkiyədə xalqımız cənab İlham Əliyevin timsalında bu dəstəyi bütün Azərbaycan xalqının mövqeyi kimi yüksək qiymətləndirir. Bütün dünya bir daha şahid oldu ki, Türkiyə-Azərbaycan qardaşlığı sözdə deyil, əməldədir”.

İlham Əliyevin Avropa İttifaqının Praqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində Ermənistan prezidenti Serj Sarkisyana sərt cavabını, Türkiyəni müdafiə etməsini xüsusilə xatırladan H.Kılıç Türkiyənin də Azərbaycana hər zaman dəstəyinin olduğunu vurğulayıb: “Türkiyə ilə Azərbaycanın gücü birliyindədir”.