• 12 Avqust 2020
logo
"Görünən odur ki, işğalçı torpaqlardan öz xoşu ilə çıxmaq niyyətində deyil"

"Görünən odur ki, işğalçı torpaqlardan öz xoşu ilə çıxmaq niyyətində deyil" - FOTO+VİDEO

Türkiyənin Azərbaycandakı sabiq səfiri, nüfuzlu diplomat Hulusi Kılıç iyulun 29-da başlayacaq birgə hərbi təlimlərdə iştirak etmək üçün qardaş ölkənin hərbi birliklərinin Naxçıvana gəlişini Moderator.az-a şərh edib:

"Dünya gördü ki, bir millət iki dövlət sözdə deyil, əməldədir. Bunu hər kəs başa düşdü artıq. Tovuz olayları zamanı cümhur başqanımızın böyük dəstək açıqlamsı, Böyük Millət Məclisinin bəyanatı, xarici işlər, müdafiə və müdafiə sənayesi nazirlərimizin və xalqın dəstəyi bütün dünyaya göstərdi ki, biz bir millət iki dövlət olaraq bu işğala boyun əymək niyyətində deyilik. Son 7-8 ildə Azərbaycan və Türkiyə birgə hərbi təlimləri gerçəkləşdirilir. Mən Azərbaycanda səfir olduğum dönəmdə də birgə hərbi təlimlərin keçirilməsini çox istəmişdim.

İyulun 29-da başlayacaq bu dəfəki birgə hərbi təlimlərsə ayrıca önəm kəsb edir. Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu əməli surətdə göstərmiş oldu. Bu hərbi təlimləri təqdir edirəm. Azərbaycanın modern ordusunun olduğundan da ayrıca qürur hissi keçirrəm. İşğalçı Ermənistanın bu günlərdə Tovuza xain hücumu zamanı da Azərbaycan ordusu öz gücünü bir daha göstərdi. Bu dəfəki birgə təlim hər iki ölkə üçün bir "moral" olacaq.

Bu hərbi təlimlər iki ordunun birgə əməkdaşlığı, qardaşların biri birinə həmrəylik nümayişi, təcrübələrini paylaşmaqdır. Ümid edək ki, bölgədəki problemləri sülh yolu ilə çözmək mümkün olsun. Biz hər zaman Atarükün "Yurdda sülh cahanda sülh" çağırışına sadiq qaldıq. Amma görünən odur ki, işğalçı torpaqlardan öz xoşu ilə çıxmaq niyyətində deyil. Bizim beynəlxalq birlikdən başqa bir istəyimiz yoxdur. BMT TŞ işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı 4 qətnaməsinin icra olunmasını tələb edirik. Azərbaycan kim nə deyir desin öz torpaqlarını savaş yolu ilə olsa da geri almaq haqqına sahibdir. Cümhur başqanımız və xarici işlər nazirimiz demişkən, Ermənistan ağlını başına toplasın, bir an öncə işğala son qoysun".