Elə darıxıram...
Nəfəsim çıxır
Yarı tüstü kimi, yarı od kimi.
Şərqi oxuyuram Ay işığına
Yarı adam kimi, yarı qurd kimi…
( Elçin Mirzəbəyli )
...Günorta idi. Həmişə olduğu kimi bu gün də səhər açılandan bəri örüşdə otardığımız quzuları dağın döşündə Topqaya adlandırdığımız böyük daşların kölgəsinə yığaraq evə gəldim. Nahar edib axşam sərinində yenidən heyvanları otarmaq üçün örüşə aparacaqdım. Bir kənd uşağı kimi bu mənim gündəlik vəzifəm idi və məktəblər açılanadək belə davam edəcəkdi. Yaz aylarında mətbəximiz müvəqqəti olaraq Aşxanaya köçürülərdi. Bu qədim tikilinin yuxarıdan bacası, çox ağır qapıları, hündür dirəklərin üstünə atılmış kərənlərin saxladığı torpaq tavanı var idi. Orta dirəyin yuxarısına tən ortadan bir cüt böyük buynuz vurulmuşdu. Atam radiomuzu bu buynuzların üzərinə bərkitmişdi. Kəndimizdə onsuz da çox az sayda olan televizorlar 'Bakı"nı göstərmədiyi üçün yalnız erməni dilində verilişlər verən İrəvan televiziyasına baxa bilirdik. Yeganə istisna hər il yeni ildə saat 12 də İrəvan televiziyası ilə Azərbaycanın və Ermənistanın xalq artisti Zeynəb Xanlarovanın ifasında bir neçə mahnıya qulaq asmaq idi. Televiziya efirində Azərbaycan dili ilə təmasımız bununla məhdudlaşırdı. Ancaq radio dalğalar vasitəsilə Azərbaycan radiosuna məhdudiyyətsiz qulaq asmaq olurdu. Yorğun-arğın yenə Aşxanaya daxil oldum. Həmin vaxt, yetmişinci illərin sonu, səksəninci illərin əvvəllərində hər gün ,'Günorta Konserti" adı ilə efirə verilən konsert proqramının vaxtı idi.
Müğənni ofsunlayıcı səsilə bir mahnı oxuyurdu…
...Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!
Doğrusu, o zaman mən Qarabağın harada olduğunu, necə bir yer olduğunu, bu gözəl mahnının niyə məhz Qarabağa həsr edildiyini bilmirdim. Ancaq onu dinləmək mənə olduqca xoş gəlirdi. Hər halda söhbət Azərbaycandan gedirdi və Azərbaycanda heç vaxt olmasam da, bu adla bağlı hər şey mənə olduqca doğma və əziz idi. O qədər əziz ki, hətta təsadüfən üstündə Azərbaycan dilində yazı olan konfet əlimizə keçəndə onun kağızını aylarla dəftərimizin arasında saxlayır, ara-sıra çıxarıb baxırdıq. Çünki bütün istehlak və ərzaq məhsullarının üzərindəki yazılar ancaq erməni və rus dillərində olurdu.
...Dinlədiyim mahnının sözlərinin yartdığı maraqla da özümü saxlaya bilməyib atamdan Qrabağın necə bir yer olduğunu və 'danışan dil-dodağım tar-kaman Qarabağ" sözlərinin nə məna ifadə etdiyini soruşdum. Və ilk dəfə həm milli müsiqi alətlərimiz olan tar və kaman barəsində onların az qala dilimiz qədər milli kimliyimizi ifadə edən vasitələr olduğu və əlbətdə həm də Qarabağ haqqında yaxşı bir ustad dərsi aldım. Elə fürsəti qaçırmadan "ata bəs bu buynuzlar nədir, niyə radionu bu buynuzların üzərinə qoymuşuq" deyə soruşdum. Bu buynuzlar sənin babanın öküzlərindən birinin buynuzudur. Kolxoz qurulanadək baban hər yazbaşı əkinə yeddi cüt öküz çıxararmış. Bir gün öküzlərdən birinin tayı ölür və baban həmin öküzün yerinə kəl qoşmalı olur. Kəl güclü heyvan olduğu üçün heç bir öküz onunla boyunduruq yoldaşı ola bilməzmiş. Ancaq buynuzlarını gördüyün bu öküz sona qədər kəllə bərabər bütün təsrrüfat işlərini görür. Axırda gücə düşdüyü üçün gözləri bozarır. Kolxoz qurulduqda babanın bütün heyvanları kolxoza verilir. Ozü isə Qazaxıstana sürgünə göndərilir. Ona görə də gördüyün bu nəhəng buynuzlar qiymətli əşya kimi buraya asılıb...
Artıq sual verə bilmədim. Çünki bir mahnı ilə başlayan sual ailə tarixçəmizin çox kövrək və kədərli yerinə qədər gəlmişdi. Qarışıq duyğular içərisində quzularımı otarmaq üçün evdən çıxdım. Dağlara doğru, azadlığa doğru sürətlə yeriməyə başladım…
Atamla bu söhbətdən sonra birdən-birə bir neçə yaş böyümüşdüm! Ürəyimdə eşitdiyim mahnının eyni misralarını təkrar-təkrar zümzümə edirdim…
Anadır arzulara hər zaman Qarabağ, Danışan dil-dodağım, tar-kaman Qarabağ!
Qarabağ, can Qarabağ ana yurdum!!!
...Bu gün artıq bu mahnını zümüzümə edə bilmirəm. Çünki bu mahnı içimdə uşaqlıq xatirələrimlə bərabər bir hıçqırığa çevrilib. Bu hıçqırığın xora çevrilməsi üçün hamımızın eyni vaxta "Qarabağ" can Qarabağ, ana yurdum" deməyi bacarmalıyıq. Qarabağa qayıtmaq üçün… Kəndimizə, uşaqlığımıza qayıtmaq üçün!
Qarabağ, can Qrabağ, ana yurdum!!!
Hikmət Babaoğlu