• 2 Aprel 2020
logo
AGF ləğv olunan Dünya Kuboku ilə bağlı açıqlama yaydı

AGF ləğv olunan Dünya Kuboku ilə bağlı açıqlama yaydı

Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakıda yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku ilə bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada Azərbaycan Gimnastika Federasiyası (AGF) artıq beşinci dəfə idman gimnastikası üzrə FIG Dünya Kubokuna ev sahibliyi etdiyi qeyd edilib:

"Belə ki, 12 və 13 mart tarixlərində Milli Gimnastika Arenasında Dünya Kubokunun təsnifat mərhələləri baş tutdu. Bu günlərdə bütün dünyada koronavirus xəstəliyi ilə əlaqədar yaranan məlum səbəblərdən isə yarışların final mərhələləri ləğv edildi.

AGF, nümayəndə heyətləri Bakıya səfər etməmişdən əvvəl və finalların ləğvindən sonra yaranan bütün çətinlikləri aradan qaldırmaq üçün gecə-gündüz çalışan Yerli Təşkilat Komitəsinin (YTK) hər bir üzvünə, onlarla əməkdaşlıq edən hər bir könüllüyə öz təşəkkürünü bildirir. Bütün dünyada yaranan çətin vəziyyətə baxmayaraq, Azərbaycanın gimnastika ailəsi birləşib, dünya gimnastika ulduzlarını sağlam mühitdə qəbul etmək üçün əlindən gələni etdi.

Artıq bütün nümayəndə heyətləri Bakıdan yola salınmış və öz ölkələrinə çatmışlar. AGF, Beynəlxalq Gimnastika Federasiyasına, nümayəndə heyətlərinə koronavirus xəstəliyinin ölkə ərazisində yarada biləcəyi təhlükənin Azərbaycan dövləti tərəfindən qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı olduğu finalların ləğvinə anlayışla yanaşmaları, və, ümumiyyətlə, yarışlarda iştirak etdiklərinə görə minnətdardır.

Müvafiq dövlət qurumları və digər təşkilatların dəstəyi olmadan bu Dünya Kuboku yarışları baş tuta bilməzdi.

AGF, böyük dəstəyə görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Birinci Vitse-Prezidentinin Katibliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Sərhəd Xidməti, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, ASAN viza departamenti, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə səmimi təşəkkürünü bildirir".