• 28 Mart 2024
logo
Azərbaycanı kişi idman gimnastikası üzrə turnirdə kimlər təmsil edəcək?

Azərbaycanı kişi idman gimnastikası üzrə turnirdə kimlər təmsil edəcək?

Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.

Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Turnirdə iştirak üçün 7 ölkədən olan nümayəndə heyətləri tərkibində ümumilikdə 33 nəfərin ölkəmizə səfər edəcəyi gözlənilir.

“AGF Junior Trophy” 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edəcək.

Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.

Oxuculara təqdim olunan videoçarxda azərbaycanlı gimnastlar öz təəssüratlarını bölüşüb. Onlar bildirib ki, doğma arenada çıxış etmək çox məsuliyyətlidir və yarışlara böyük səylə hazırlıq davam edir.