• 3 Aprel 2020
logo
Arpaçay Karate Klubu XI Beynəlxalq “Baku Open” turnirinə hazırlıq üzrə təlim-məşq toplantısı keçirib

Arpaçay Karate Klubu XI Beynəlxalq “Baku Open” turnirinə hazırlıq üzrə təlim-məşq toplantısı keçirib

Azərbaycan Respublikasının karate üzrə aparıcı klublarından olan Arpaçay Karate Klubu 2020-ci ildə yeni-yeni uğurlar əldə etmək üçün növbəti turnir və yarışlara hazırlıq işləri həyata keçirir.
Bu hazırlıq işləri çərçivəsində 2020-ci il martın 5–8-də Azərbaycan Milli Karate Federasiyası tərəfindən Boks İdman Mərkəzində keçirilməsi nəzərdə tutulan XI Beynəlxalq “Baku Open” Karate Turniri ərəfəsində Arpaçay Karate Klubunun karate üzrə yığma komandasının məşq zalında təlim-məşq toplantısı təşkil edilib. Klubun prezidenti, əməkdar məşqçi, 4-cü dan qara kəmər ustası Yavər Hüseynov, Klubun birinci vitse-prezidenti, Əməkdar məşqçi və idman xadimi Hidayət Şabanov, Klubun baş katibi, beynəlxalq dərəcəli hakim Vüqar Kərimov, habelə Arpaçay Karate Klubunun Sumqayıt bölmələrinin məşqçiləri Mehman Əlirzayev və Pərviz Quliyevin rəhbərliyi ilə keçirilən tədbirdə Klubun yığma komandasının üzvləri ilə birlikdə 100-ə yaxın karateçi iştirak edib.
Təlim-məşq toplantısında iştirak edən idmançıların əvvəlcə hazırlıq səviyyəsi yoxlanılıb, daha sonra uşaqlar və yeniyetmələr arasında fərdi kumite döyüşləri keçirilib. Klubun rəhbəri Y.Hüseynovun verdiyi məlumata görə, Arpaçay Karate Klubunun geniş heyətlə qatılacağı XI Beynəlxalq “Baku Open” Karate Turnirinə, həmçinin digər yerli və beynəlxalq yarışlara hazırlıq məqsədilə bu qəbildən olan təlim-məşq toplantıları noyabrın sonuna nəzərdə tutulan Karate üzrə Respublika Çempionatına qədər mütəmadi olaraq davam etdiriləcək.
Klubun birinci vitse-prezidenti H.Şabanov isə qeyd edib ki, Azərbaycan Milli Karate Federasiyasının yeniyetmə və gənclərdən ibarət karate üzrə milli yığma komandasına ən çox idmançı yetişdirən klublardan biri olan Arpaçay Karate Klubu qarşıdan gələn beynəlxalq turnirlərdə yüksək yerlər əldə etmək əzmi ilə çalışır.
Arpaçay Karate Klubunun baş katibi, Dünya Şotokan Federasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi V.Kərimov isə 2020-ci ilin 15-17 may tarixlərində Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Resublikasında baş tutacaq Dünya Şotokan Federasiyasının Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti Dünya Kubokuna hazırlıq işlərin sürətlə davam etdirildiyini qeyd edərək doğma klubun da bu mötəbər yarışda yeni-yeni uğurlar əldə etmək niyyətində olduğunu vurğulayıb.