• 4 May 2024
logo
20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş 5-ci “ARPACHAY OPEN” beynəlxalq turniri başa çatıb

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş 5-ci “ARPACHAY OPEN” beynəlxalq turniri başa çatıb

17-19 yanvar 2020-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Arpaçay Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş 5-ci “ARPACHAY OPEN” beynəlxalq turniri keçirilib.
Yanvarın 18-də Bakı İdman Sarayında beynəlxalq turnirin açılış mərasimi baş tutub. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayan nazir müavini deyib ki, Azərbaycan dünyanın ən qabaqcıl idman dövlətlərindən biridir.
AMKF-nin prezidenti Yaşar Bəşirov çıxışında karatenin ölkəmizdə inkişaf etmiş idman növlərindən olduğunu qeyd edib. Bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi turnirə maraq ildən-ilə artır. Onun sözlərinə görə, əsas məqsəd gənclərin hərbi-vətənpərvərlik ruhunu yüksəltmək, idmanın bu növünün kütləviliyini artırmaq, gələcəkdə perspektivli idmançılar yetişdirməkdir.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxışında ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edilib ki, Azərbaycanda paytaxtla yanaşı, regionlarda da idmanın sürətli və hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. İdmançılarımız ən nüfuzlu yarışlarda böyük uğurlar qazanır, Azərbaycan mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov, klubun birinci vitse-prezidenti Hidayət Şabanov da, həmçinin müasir müstəqil Azərbaycanda idman sahəsinin sürətlə inkişaf etməsindən, 20 Yanvar şəhidləri başda olmaqla, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının qəhrəmanlıq salnaməsindən bəhs ediblər.
Arpaçay Karate Klubunun baş məşqçisi, Dünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi, beynəlxalq dərəcəli hakim Vüqar Kərimovun verdiyi məlumata görə, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turmirin 1-ci günündə idmançılar arasında kata yarışları keçirilib, yarışlarda bütün yaş qruplarında idmançılar çıxış ediblər. Yanvarın 18-də 6-11 yaşlı uşaqlar, yanvarın, 19-da isə 12-17 yaşlı yeniyetmə və gənclər arasında kumite yarışları keçirilib. V.Kərimovun sözlərinə görə, ümumi nəticələrə “Qara Qaplan” klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan Arpaçay Karate Klubu ikinci, 7 qızıl, 4 gümüş və 15 bürünc mükafata sahib olan “Pashayev” (Ukrayna) klubu isə üçüncü pillədə qərarlaşıb. Yarışları yerli hakimlərlə yanaşı, 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.
Xatırladaq ki, AMKF və Arpaçay Karate Klubunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan, sayca 5-ci olan açıq turnirdə 12 ölkəni (Azərbaycan, Əmman, Gürcüstan, İran, Küveyt, Qazaxıstan , Özbəkistan, Mərakeş, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna və s.) təmsil edən 89 klubun 939 idmançısı mübarizə aparıb.