• 19 Sentyabr 2019
logo
add image
“Coca-Cola Məktəbli Kuboku” futbol turnirinin qalibi müəyyənləşib

“Coca-Cola Məktəbli Kuboku” futbol turnirinin qalibi müəyyənləşib

“Coca-Cola Məktəbli Kuboku” yarışının 2018-2019 mövsümünün qalibi müəyyənləşib. Masallı Olimpiya Kompleksində keçirilən final qarşılaşmasında Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbin komandası ilə Ağdam rayonu 18 saylı köçkün tam orta məktəbin komandası üz-üzə gəlib. 5:0 hesabı ilə qalib gələn ev sahibləri “Coca-Cola Məktəbli Kuboku”nun 2018-2019-cu il mövsümünün qalibi adını qazanıblar.
Turnirin bürünc medalını Qəbələ rayon 1 saylı tam orta məktəbin komandası qazanıb.
2018-2019 mövsümünün “ən yaxşı oyunçu”su adına da bu komandanın üzvü Həsən Nəzərli layiq görülüb. Mövsümün “ən məhsuldar oyunçu”su adını Binəqədi rayonu 126 saylı tam orta məktəbin komandasının üzvü Nurlan Qurbanov qazanıb. Ağdam rayonu 18 saylı tam orta məktəbin futbolçusu Günel Əliyeva isə “Fair play” mükafatına layiq görülüb.
Qeyd edək ki, “Coca-Cola Məktəbli Kuboku”nun finalına vəsiqə qazanmaq uğrunda 14 region və Bakının 2 komandası mübarizə aparırdı.
Artıq 8 ildir ki, reallaşdırılan turnir "Coca-Cola" şirkəti, AFFA və Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlir.
Ötən ilin oktyabr ayında start götürən “Coca-Cola Məktəbli Kuboku” çərçivəsində əvvəlcə məktəblər daxilində yarışlar təşkil olunub və yığma komandalar formalaşdırılıb. Daha sonra 76 rayon təmsilçisinin iştirak etdiyi turnirdə rayon birinciləri müəyyənləşdirilib və 2019-cu ildə yarışın ikinci - “play-off” mərhələsi təşkil olunub. Nəticədə 16 komanda final mərhələsinə vəsiqə qazanıb.
Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, “Coca-Cola Məktəbli Kuboku” şagirdlərdə futbola maraq oyatmaqla yanaşı, cəmiyyətdə sağlam həyat tərzinin təbliği istiqamətində də vacib layihədir:”Layihənin ərsəyə gəlməsinə töhfə verən Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinə təşəkkürümü bildirirəm. Ümid edirəm bu yarış növbəti illərdə də yüksək səviyyədə təşkil olunacaq və şagirdlərin təhsildə olduğu kimi, futbolda da qazandığı uğurlar bizi sevindirəcək”.
“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib ki, 2011-ci ildən həyata keçirilən “Coca-Cola Məktəbli Kuboku” məktəblilər üçün təşkil olunmuş ən böyük futbol turniridir:”“Coca-Cola Məktəbli Kuboku”na hər il on minlərlə məktəbli qatılır. Şagirdlər futbol həyacanı yaşayır, yeni dostlar əldə edir, dünya görüşlərini artırırlar. Bütün bunlar uşaqların ümumi inkişafına müsbət təsir göstərir.
Turnirin baş tutmasında göstərdikləri dəstək üçün AFFA və Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Valideynlərə və müəllimlərə çox sağ ol deyirəm ki, uşaqların futbola olan həvəsini dəstəkləyirlər, onların futbol arzularının həyata keçməsinə yardımçı olurlar.”
Final matçından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, fəxri diplom və xatirə hədiyyələri təqdim olunub.
Turnir haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://www.youtube.com/watch?v=EV9unUoOtfw
“Coca-Cola Məktəbli Kuboku” turnirinin 2018-19-cu il mövsümündə respublika üzrə ümumilikdə 1642 məktəb iştirak edib. Yarışda rayondaxili mərhələdən etibarən 16500 şagirdin iştirakı ilə 1550 oyun keçirilib. Ümumilikdə, 8 il ərzində yarış iştirakçılarının sayı 1 milyonu keçib ki, bu da gənclər arasında idmanın təbliğində mühüm rol oynayır.